Accessibility links

Jurnalist həbs təhlükəsinin olduğunu deyir


Nurlan Qəhrəmanlı
Nurlan Qəhrəmanlı

Jurnalist Nurlan Qəhrəmanlı (Libre) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən axtarıldığını deyir.

Qəhrəmanlının sözlərinə görə, "Kanal 11" İnternet Televiziyasının direktoru Teymur Kərimovun həbs olunması xəbərini eşidən andan yaşadığı mənzili tərk edib və iki gecədir ki, öz evində qalmır:

"Ona görə yox ki, polisdən gizlənirəm. Ona görə ki, dostumun ailəsinin ən çətin vaxtında yanında olmağa qərar vermişəm. Mənə şübhəli bir nömrədən zəng gəldi və yaşadığım yer dəqiqləşdirilməyə çalışıldı. Bu isə mənim axtarılmağım barədə şübhələrimin əbəs olmadığını sübut edir".

Jurnalist Teymur Kərimovun ittiham edildiyi cinayət işinə onun da cəlb ediləcəyini iddia edir.

"Ən yaxşı halda şahid kimi cəlb ediləcəm və ölkədən çıxışıma qadağa qoyulacaq. Məndən Teymurun əleyhinə ifadə verməyim tələb ediləcək və mən indidən belə bir ifadə verməyəcəyimi bildirirəm. Bu işin sonunun həbsimlə yekunlaşacağını bilirəm və buna hazıram. Bizim həbs edilməyimizə səbəb polis zorakılığı ilə bağlı silsilə reportajlar hazırlamağımızdır" - deyə, Qəhrəmanlı qeyd edib.

İddia ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Bundan öncə, sentyabrın 21-də Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib. Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 13-də isə jurnalist Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. O bildirib ki, DTX-da müharibə əleyhinə yazdığı paylaşımlarına görə zorlama ilə təhdid olunub.

DTX-dan iddia ilə bağlı cavab verilməyib.

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Teymur Kərimov 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

"Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə-qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib", vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

"Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliynin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib", vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır", o qeyd edib.

Forum

XS
SM
MD
LG