Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.
Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, istintaq tərəfi vəsatəti onunla əsaslandırıb ki, Yaqublu azadlıqda qalmaqla "istintaqın gedişinə mane ola və gizlənə bilər".
Müdafiə tərəfi bu iddiaların əsassız olduğuna diqqət çəkib.
Vəkil məhkəmənin diqqətini Yaqublunun hazırda şərti cəza çəkdiyinə və bütün bu müddət ərzində mütəmadi olaraq bu cəzanın tələblərinə əməl etdiyinə yönəldib. Lakin məhkəmə vəkillərin vəsatətlərini təmin etməyib.
Tofiq Yaqublunun digər vəkili Aqil Layıc Amerikanın Səsinə bildirib ki, qətimkan tədbirinin seçilməsi gözlənilən idi.
"Başqa nə gözləyirdik ki? Tutalım ki, boş-boşuna qanunlara istinad edim, prosessual Məcəlləyə istinad edim. O qədər sadəlövh deyiləm. Siz də sadəlövh deyilsiniz. Nəticə olaraq qətimkan tədbiri seçilməli idi. Seçən məhkəmə deyil, seçiblər. Sadəcə elan olunmasını məhkəməyə saxlayıblar, elan olundu. Burada deyiləcək başqa bir şey yoxdur", deyə o qeyd edib.
Vəkilin sözlərinə görə, Tofiq Yaqublu ittihamları rədd edir. Həbsini onun ictimai-siyasi fəaliyyəti ilə bağlayır:
"Son zamanlar o, aktiv olaraq növbədənkənar seçki kampaniyasını boykota çağırırdı. Əsası da onunla əlaqələndirir".
Vəkillər birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə bildirib ki, atası heç bir zaman "mühacir alveri" ilə məşğul olmayıb.
"Həmişə bu məsələlərin əleyhinə olub. Heç vaxt bu məsələlərdə iştirakçı olmayıb. Bu gün Tofiq Yaqubluya qarşı irəli sürülən bu cinayət işi, quramadır, siyasi sifarişdir. İlham Əliyevin sifarişidir. Nərimanov Rayon Məhkəməsi bu gün bu sifarişi icra elədi", deyə o bildirib.
Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sözlərinə görə, Tofiq Yaqublu siyasi sifarişlə həbs olunub.
"Onun barəsində quraşdırılmış bu saxta ittihamı heç geniş və detallı müzakirə etməyimizə dəyməz. Çünki çox gülüncdür. Azərbaycan xalqı tam tərkibdə Tofiq Yaqublunun dələduzluqda ittiham edilməsinin saxta olduğunu bilir", AXCP sədri qeyd edib.
Yaqubluya qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Tofiq Yaqublunun qızı Nigar Həzi deyir ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları evdən 5 min avro, 2500 manat və miqdarını bilmədiyi qədər dollar çıxarıblar.
Nigar Həzinin sözlərinə görə, evdən aşkarlanan pul ailəyə məxsus deyil və polis əməkdaşları tərəfindən evə qoyulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı Amerikanın Səsinə təsdiqləyib. O qeyd edib ki, araşdırma aparılır.
Bundan öncə Tofiq Yaqublu 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Siyasətçi 2020-ci ildə də 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin dövrdə həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb və sentyabrın 18-də azadlığa buraxılıb.
Yaqublu bir neçə dəfə də inzibati həbs cəzasına məhkum edilib.
Azərbaycan hakimiyyəti isə ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir, siyasi hakimiyyət tənqidləri qəbul etmir və qərəzli hesab edir.
Forum