Accessibility links

HRHF Azərbaycan hakimiyyətini jurnalistlərə və fəallara qarşı təqibləri dayandırmağa çağırır


Human Rights House Foundation (HRHF) Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həbslərindən narahatlıq ifadə edərək, bunun müstəqil mediaya və tənqidi səslərə qarşı son repressiya dalğası olduğunu qeyd edib.

HRHF qeyd edir ki, son 25 gün ərzində Azərbaycanda ən az 11 jurnalist və hüquq müdafiəçisi şübhəli və əsassız görünən ittihamlarla həbs edilib.

“Son hadisələr Azərbaycanın media sektoruna və fərqli səslərə qarşı dərin narahatlıq doğuran hücumdur. Xüsusən də bu yaxınlarda elan edilmiş 7 fevral 2024-cü ildə baş tutacaq növbədənkənar prezident seçkiləri ərəfəsində. Biz Azərbaycan hakimiyyətini son dövrlərdə həbs edilmiş şəxslərə qarşı cinayət işlərinə xitam verməyə və onları dərhal azad etməyə çağırırıq”, bəyanatda deyilir.

Son bir neçə həftə ərzində korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı həbs edilib.

“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

Son günlərdə həbs edilən jurnalistlər arasında “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Rüfət Muradlı, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov yer alır.

Jurnalistlərlə yanaşı dekabrın 4-də siyasi fəal, keçmiş polis məmuru İlhamiz Quliyev də saxlanılıb. Dekabrın 6-da onun barəsində narkotik ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, dekabrın 13-də fəal Möhyəddin Orucov, ötən gün isə Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.

Azərbaycanın beynəxalq öhdəliklərini və tərəfdar olduğu Avropa İnsan Hüquqları Konvensiyasını pozduğunu qeyd edən HRHF, bunu sübut edən çoxsaylı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərarları olduğunu vurğulayıb.

HRHF Azərbaycan hakimiyyətini jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı ittihamlarI ləğv etməyə və onları dərhal azad etməyə, həbsdə qalanların tibbi yardıma çıxışını təmin etməyə, onların vəkilləri və yaxınları ilə əlaqə saxlamasına imkan yaratmağa, saxlanılanların pis rəftara məruz qalması ilə bağlı iddiaları araşdırmağa, jurnalistlərin sərbəst fəaliyyətini, fikir plüralizmini təmin etməyə, habelə vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG