Accessibility links

Dövlət Departamenti Azərbaycanda son həbslərin “qəbuledilməz” olduğunu bildirib


Matthew Miller
Matthew Miller

ABŞ Dövlət Departamenti Azərbaycanda son günlərdə jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin həbsini “qəbuledilməz” kimi qiymətləndirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 18-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin seçki ərəfəsində tənqidçilərə qarşı davam edən repressiyalar fonunda müxalifət xadimi Tofiq Yaqublunun həbs edilməsi ilə bağlı sualınının cavabında deyib: “Azərbaycanda son vaxtlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin həbsi tendensiyası dərin narahatlıq doğurur. Təkcə son bir ayda ondan çox belə şəxs saxlanılıb. Bu, qəbuledilməzdir və biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edəcəyik, hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin, haqsız yerə həbsdə olanların hamısını tezliklə azadlığa buraxmağa çağıracağıq”.

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib. 2023-cü ilin iyul ayından iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi motivli ittihamlarla iki yüzdən çox insan həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG