Accessibility links

Fransanın Azərbaycandakı səfiri Tofiq Yaqublunun qızı ilə görüşüb


Ann Buayon və Nigar Həzi (Mənbə: Sosial şəbəkə)
Ann Buayon və Nigar Həzi (Mənbə: Sosial şəbəkə)

Dekabrın 22-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon həbsdə olan siyasi funksioner Tofiq Yaqublunun qızı Nigar Həzi ilə görüşüb.

“Sözsüz ki, müzakirə mövsuzu Tofiq Yaqublu və digər siyasi məhbuslar idi”, Nigar Həzi Facebook səhifəsində yazıb.

Bir gün öncə, dekabrın 21-də isə ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara Nigar Həzi ilə görüşərək atasının həbsi ilə bağlı narahatlığını bildirib.

“Birləşmiş Ştatlar fundamental azadlıqlarından istifadə edənlərin son həbslərindən dərin narahatlığını ifadə edir və onların dərhal azad edilməsinə çağırır”, Hüqo Gevara X platformasına qeyd edib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG