Accessibility links

Apellyasiya məhkəməsi ADR Partiyasının ofisinin fəaliyyətinin bərpa edilməsi tələbi ilə bağlı şikayəti təmin etməyib


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının ofisindən götürülmüş sənədlərin geri qaytarılması və ofisin qapısına vurulmuş möhürün götürülməsi ilə bağlı şikayətə baxılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Saqıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Götürülmüş sənədlər İqtisadi Tədqiqatlar Mərkəzinə aiddir. Qubad İbadoğlu isə tamamilə başqa maddələrlə ittiham olunub. Sənədlərin ittihamla heç bir əlaqəsi yoxdur. Beş aydır artıq istintaq gedir. Hər halda sənədlərə baxış, ekspertiza artıq qurtarıb. Hesab etsək ki, o nəsə əhəmiyyətlidir, bu günə qədər qaytarılmalı idi. Evin də möhürü götürülməli idi”, vəkil qeyd edib.

Onun sözlərinə görə, məhkəmə prosesində ADR Partiyasının sədri, professor Qubad İbadoğlu da iştirak edib.

“Qubad İbadoğlu məhkəmədə iştirak etdi. O bildirdi ki, sənədlərin işə aiddiyyatı yoxdur. Saxlanılmasına da lüzum yoxdur. Sənədlər qaytarılmalıdır”, o deyib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG