Dekabrın 22-də yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Şahin Verdiyev Penitensiar Xidmətin Gəncə şəhərindəki (Bakıdan 364 kilometr qərb) 2 saylı İstintaq Təcridxanasında intihara cəhd edib. Onun ittihara cəhd etməsi narkotik ittiamına etiraz etməsinin olduğu bildirlir.
Bu barədə Şahin Verdiyevin anası Seminarə Cəfərova Amerikanın Səsinə məlumat verib. O deyib ki, oğlu səhər saatlarında təcridxanada kamerada özünü asaraq intihara cəhd edib.
“Şahinin özünü asdığı ip qırılıb və kamera yoldaşları onun təkrarən özünü asmasına imkan verməyib. Oğlumun boynunda kəndir izləri indi də qalır. Şahini bu il martın 9-da şərləyərək narkotik ittihamı ilə həbs ediblər. O həbsinə etiraz edir”, o qeyd edib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Şahin Verdiyevin intihara cəhd etməsi ilə bağlı Penitensiar Xidməti məlumatlandırıb.
“Şahin Verdiyev 2018-ci ilin iyulunda Gəncədə baş verən hadisələrdən sonra da həbs edilib. O həbs edilən zaman ağır işgəncələrə məruz qalıb və səhhətində problemlər yaranıb. İndi də, bu ilin martında dindarlarla bağlı iş üzrə həbs edilib. Məhkəmədə bildirdi ki, onu yenə döyüblər. Onda problemlər yaranmışdı. Bununla bağlı müalicə müəssisəsində müalicə olunub”, vəkil Amerikanın Səsinə bildirib.
Penitensiar Xidmət Amerikanın Səsinin məhbusun intihara cəhd etməsi ilə bağlı sorğusuna, - “intihar hadisəsi baş verməyib”, deyə cavab verib.
Şahin Verdiyev yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Verdiyev 2019-cu il sentyabtrın 4-də “Gəncə işi” ilə bağlı keçirilən məhkəmə iclasında deyib ki, 2018-ci ildə həbsi zamanı müxtəlif formada işgəncələrə məruz qalıb.
“Elektroşok vasitəsilə bədənimə cərəyan veriblər, suda boğublar, ratsiyanın arxasıyla, dəyənəklə, stulun ayaqlarıyla saatlarla döyüblər. Bütün bunlar yalan ifadəyə imza atmağım üçün idi”, o qeyd edib.
Forum