Accessibility links

Milli Şura işgəncələrin intensiv xarakter aldığını bildirir


Cəmil Həsənli və Əli Kərimli (Arxiv foto. Mənbə:VOA)
Cəmil Həsənli və Əli Kərimli (Arxiv foto. Mənbə:VOA)

“Son vaxtlarda dövlət orqanları səviyyəsində işgəncələrə yol verilməsinin yenidən intensiv xarakter alması göstərir ki, İlham Əliyev hakimiyyəti bu anti-insani, qanuna zidd əməldən idarəçilik aləti kimi istifadəni dayandırmaq fikrində deyil”.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının işgəncələrlə bağlı bəyanatında deyilir.

“Milli Şura ilk növbədə beynəlxalq birliyi, dünyanın demokratik ictimaiyyətini Azərbaycanda işgəncənin dövlət siyasətinə çevrilməsinə qarşı sərt mövqe bildirməyə çağırır”, sənəddə qeyd edilir.

Milli Şura bəyan edir ki, ölkədə işgəncələrin aradan qaldırılması üçün mübarizəsini davam etdirəcək.

“Azərbaycan xalqı ölkədəki işgəncə mexanizmini, onun sifarişçi və icraçılarını rədd edir, hakimiyyətin bu anti-insani rəftara son qoymasını istəyir. Lakin ölkədə bərqərar olmuş repressiv mühit bu ictimai mövqenin kütləvi şəkildə va açıq ifadə edilməsinə imkan vermir. Milli Şura bəyan edir ki, üzləşdiyi bütün çətinliklərə, təqib və təzyiqlərə rəğmən İlham Əliyev hakimiyyətinin anti-demokratik, anti-xalq, anti-insani fəaliyyətinə qarşı mübarizəsini davam etdirəcək”, sənəddə qeyd edilir.

Bəyanatda çoxsaylı insanların söylədikləri işgəncə və qeyri-insani rəftarlarla bağlı faktlara, o cümlədən “Tərtə işi”, Gəncə işi”, “Söyüdlü hadisələri” kimi tanınan cinayət işlərinə istinadlar əksini tapıb.

Rəsmi Bakı Milli Şuranın bəynatına hələ münasibət bildirməyib. Hüquq mühafizə orqanlarının rəhbərləri işgəncələr və qeyri-insani rəftarlarla bağlı deyilənləri təkzib edir və bu bəyanatları özünümüdafiə kimi qiymətləndirir.

Bununla yanaşı, 2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbçilər arasında bir qrup satqının ifşa edildiyi haqqında məlumat olub.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən azı 9 nəfər işgəncələr nəticəsində ölüb.

Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət araşdırmanı bərpa edib.

2022-ci ilin dekabrında “Tərtər işi” üzrə 19 müttəhim həbsdən azad edilib. Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.

Bu cinayətlərə görə bir general da daxil olmaqla bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG