Accessibility links

Meyxanaçı Mahir Qonşuyevin anası oğluna işgəncə verildiyini deyir


Meyxanaçı Mahir Qonşuyev
Meyxanaçı Mahir Qonşuyev

"Ay brat" meyxanası ilə tanınan Mahir Qonşuyevin anası Mehriban Qonşuyeva oğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) işgəncəyə məruz qaldığını deyir. Bu barədə Amerikanın Səsinə danışan Mehriban Qonşuyeva bildirib ki, oğlunu toyda mahnı oxumaq adı ilə aldadaraq həbs ediblər.

"Kartına pul atdılar ki, gəl toyda mahnı oxu, amma həmin yerə gedəndə görüb toy deyilən şey yoxdur. Elə ordaca oğlumu həbs ediblər. Mahirə "tok" veriblər, dişini sındırıblar. Başına-başına vurublar ki, səni mahnı oxumağın üçün çağırmışıq, amma "mal"a görə saxlamışıq, boynuna alıb sənədə imza atmalısan", o bildirib.

Mahir Qonşuyevin buna etiraz etdiyini deyən anası oğluna işgəncə verildiyini və buna görə övladının intihara cəhd etmək istədiyini deyib. Mehriban Qonşuyeva oğlunun şəhidlərə ithaf etdiyi mahnıya görə həbs olunduğunu iddia edir.

"Yalandan sənədə imza atdırıblar ki, guya Mahirin üstündə narkotik olub. Hamısı yalandır, balamı şərləyiblər", o bildirib.

Daxili İşlər Nazirliyi isə bu iddiaları əsassız sayır.

Daxili İşlər Nazirliyinin iyunun 12-də yaydığı məlumatda deyir ki, polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan psixotrop maddə olan "metamfetamin" aşkar edilib.

"Araşdırmalarla Mahir Qonşuyevin sosial şəbəkələrdə "Mahir Ay Brat" adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib", məlumatda bildirilir.

Məlumatda deyilir ki, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Məhkəmə Mahir Qonşuyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apelyasiya Məhkəməsi isə həmin qərardan verilmiş şikayəti təmin etməyib.

XS
SM
MD
LG