Accessibility links

Ağəli Yəhyayevin həyat yoldaşı: "Dedi ki, çox ağır şeylər olub"


Şahanə Həsənova
Şahanə Həsənova

Sentyabrın 4-də İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Müsəlman Birliyi Hərəkatının İdarə Heyəti üzvü Ağəli Yəhyayevin müdafiəsi ilə bağlı mətbuat konfransı keçirib. Yəhyayevin həyat yoldaşı Şəhanə Həsənova bildirib ki, o, ağır işgəncələrə məruz qalıb.

"Burada tək psixoloji zorakılıqdan söhbət getmir, fiziki olaraq ağır işgəncələr gördüyünü dedi. Dönə-dönə dedi ki, "çox ağır şeylər olub". Mən ondan soruşdum ki, sən onların dedikləri ilə razılaşdınmı, Ağəli isə ona "yuxarıdan əmr gəldiyini və həbsə getməli olduğunu" deyildiyini bildirdi. Dedi ki, məcbur olub onların dediyi sənədləri imzalayıb", o bildirib.

Şəhanə Həsənova ehtimal edir ki, Ağəli Yəhyayev öz xoşu ilə ittihamları qəbul etməyib.

"Dedim ki, sən işgəncə ilə ittihamı qəbul etməzsən axı, cavabında dedi ki, "qarşıma çox ağır şeylər qoydular, mən də onların dediklərini etməli oldum". Ağəli inanclı şəxsdir, ümumiyyətlə, siqaret belə çəkmir, narkotik bizə yad bir kəlmədir", deyə Həsənova bildirib.

Ağəli Yəhyayev artıq üçüncü dəfədir cinayət ittihamı ilə həbs olunur. O, ilk dəfə 2010-cu ilin fevralında dini yürüşdə iştirak etdiyi üçün həbs edilib və 4 il 6 ay həbs cəzası alıb.

İkinci dəfə 2015-ci ilin noyabrında Nardaran işi üzrə həbs olunub və 15 il həbs cəzasına məhkum edilib. 2021-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçiləri hər iki həbslə bağlı onu siyasi məhbus kimi tanıyıblar.

Ağəli Yəhyayev avqustun 31-də saxlanılıb. Sentyabrın 1-də isə vəkil Zibeydə Sadıqova bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Forum

XS
SM
MD
LG