Accessibility links

Məhkəmə “Kanal 13” internet televiziyasına girişi məhdudlaşdırıb


Dekabrın 11-də Bakının Səbail rayon Məhkəməsi hakim İlkin Rüstəmlinin sədrliyi ilə istintaq orqanının müraciəti əsasında “Kanal 13” onlayn media intenet resursuna girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə hazırda həbsdə olan “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, məhkəmə iclası “Kanal 13” televiziyasının təmsilçilərinin və vəkilin iştirakı olmadan keçirilib. Məhkəmə qərarı hələ müdafiə tərəfinə təqdim edilməyib.

Bununla yanaşı, Səbail rayon Məhkəməsi Amerikanın Səsinin məhkəmənin müvafiq qərarı ilə bağlı sorğusuna gün ərzində cavab verməyib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarı barədə hələ rəsmi məlumat yayılmayıb.

“Amma, məhkəmə qərarı YouTube kanalına və ya internet domeninə aiddirsə, bunlar başqa-başqa hüquqi nəticələr doğurur. Birinci bunu ayırd etmək lazımdır. Belə ki, “Kanal 13”ün domeni daha öncədən məhdudlaşdırılıb. Hazırda “Kanal 13”ün domeni yoxdur. Bu baxımdan əgər söhbət “Kanal 13”ün internet resursundan gedirsə, mövcud olmadığı üçün bunun bloklanması mümkün deyil. Əgər söhbət YouTube kanalının məhdudlaşdırılmasından gedirsə, bu Azərbaycanda ilk ola bilər. Düzdür burada yalnız YouTube kanalında “Kanal 13”ə aid olan hissənin bloklanmasından söhbət gedə bilər. Böyük ehtimalla texniki baxımdan bu mümkündür”, o qeyd edib.

Ekspert hesab edir, məhdudlaşdırıcı qərar qəbul edilən zaman səbəbləri əsaslandırılmalıdır.

“Yəni hansı qanunu pozub, hansı məhdud məlumatı yayıb, kimə zərər verib və sairə. Əgər bu istiqamətdə aydın məlumat yoxdursa məhkəmənin verdiyi qərar absurddur. Yalnız iddianı qərara çevirməkdir. İddianı sübut etmək iddia edən tərəfin öhdəliyidir. Əgər ciddi əsaslandırma yoxdusa bu ifadə azadlığına zərbədir”, o qeyd edib.

Lamiyyə Orucova, həmçinin Amerikanın Səsinə deyib ki, onun bank hesabına da məhdudiyyət qoyulub.

“Hesabımda kiçik bir məbləğ vəsaitim var idi. Bu pulu bankdan götürmək istəyərkən hesabımın bağlı odluğunu bildirdilər”, o qeyd edib.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

"Kanal 13" televiziyasının YouTube kanalına Azərbaycanda indiki anda giriş mümkündür.

Azərbaycanda son günlərdə 8 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG