Accessibility links

Kanal 13 internet televiziyasının rəhbərinə qarşı yeni ittiham irəli sürülüb


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

Kanal 13 internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucova qarşı daha bir ittiham irəli sürülüb.

Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, dekabrın 19-da Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu gün dindirmə olub və jurnalist ona verilən yeni ittihamı qəbul etməyib.

Noyabrın 27-də saxlanılan Əziz Orucov barəsində növbəti gün Bakı Şəhər Səbail Rayon Məhkəməsi üç aylıq həbs qətimkan tədbiri seçib. Polis jurnalistin evində və Kanal 13-ün ofisində axtarış aparıb.

Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Kanal 13-ün Almaniyada yaşayan baş redaktoru Anar Orucov qardaşı Əziz Orucovun həbsinin onun peşə fəaliyyəti ilə əlaqəli olduğunu, Azərbaycanda jurnalistlərə qarşı basqıların tərkib hissəsi kimi qiymətləndirdiyini deyib.

“Çünki başqa bir bənzər hal qeydə alınmayıb ki, kimsə sənədsiz ərazidə ev tikdiyinə görə ona həbs qətimkan tədbiri çıxarıla, evində, ofisində, maşınında axtarışlar aparıla, onu bir cinayətkar kimi, terrorist kimi tutub nümayişkarənə şəkildə aparalar. Baş verənlərin analizi göstərir ki, bu, bütün hallarda Kanal 13-ün fəaliyyəti ilə bağlıdır”, Anar Orucov Amerikanın Səsinə deyib.

Azərbaycanda son günlərdə 8 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG