Accessibility links

Hüquqşünas: Pensiya və əlilliklə bağlı bank hesablarına həbs qoyulması qanunsuzdur


Manat
Manat

Son günlər “Abzas Media” internet nəşrinin əməkdaşlarının və “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işləri üzrə həbs edilən və istintaqa cəlb edilən şəxslərin bank hesabları istintaq orqanının müraciəti əsasında dondurulub.

Bu barədə jurnalistlərin vəkilləri Amerikanın Səsinə bildirib.

Junalistlər Hafiz Babalı, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Əziz Orucov, həmçinin Toğrul Vəliyevin əmək haqqı ilə bağlı banklardakı hesablarının Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin müraciəti əsasında dondurulması onların ailə üzvləri tərəfindən təsdiq edilib.

Ailələrdən Amerikanın Səsinə deyiblər ki, banklar Sevinc Vaqifqızının özünün məvacib hesabını, anasının pensiya hesabını, Ülvi Həsənlinin özünün, bacısının məvacib hesabını, anasının pensiya hesabını, Toğrul Vəliyevin məracib hesabını, Nərgiz Absalamovanın məvacib hesabını, Əziz Orucovun özünün, həyat yoldaşının məvacib hesabını, anasının pensiya hesabını, Hafiz Babalının məvacib və əlilliklə bağlı pensiya hesabını dondurub.

“Kapital Bank”dan mənim sorğuma cavab olaraq bildirdilər ki, bank hesablarımıza Səbail rayon Polis İdarəsinin müraciəıti əsasında stop qoyulub”, Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə deyib.

Jurnalistlərin ailə üzvləri hazırda yalnız qohumlarının və yaxınlarının köməyi sahəsində qida ehtiyaclarını ödədiklərini bildirib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ münasibət bildirməyib.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, qanunvericilikdən çıxış etdikdə sübutlar varsa, həbsin zəruriliyi əsaslandırlıbsa, əmək haqqı kartlarına həbs qoyulması mümkündür.

“Ancaq pensiya kartlarına, başqa müavinət, əlillik kartlarına həbslərin qoyulması qanunsuzdur. Çünki, bir neçə il əvvəl belə kartlarla bağlı qaydalar müəyyən edilib. Həmin qaydalara görə, pensiya və ya əlilliklə əlaqəli karta başqa vəsait daxil edilə bilməz. Bu səbəbdən belə kartlara həbs qoyulmasını əsaslandırmaq, ortaya sübut qoymaq çox çətindir. Ümumiyyətlə, belə işlərdə əvvəlki təcrübələrin işığında deyə bilərik ki, hüquq mühafizə orqanları adətən, yetərli araşdırma, dəqiqləşdirmə aparmadan qərarlar verirlər. Məncə, bu işdə də pensiya, əlillik kartlarına münasibətdə gərəkli dəqiqləşdirmələr, əsaslandırmalar aparılmayıb, məhkəmələr də lazımi araşdırmanı təmin etməyiblər”, o qeyd edib.

Azərbaycanda son günlərdə 8 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalistlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG