Accessibility links

Prezidentliyə namizədlərin İctimai televiziyada debatı olacaq


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Yanvarın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradıb. Prezident seçkilərində prezidentliyə namizədlərin təşviqat kampaniyası yanvarın 15-dən başlayacaq.

MSK-nin sədr müavini Rövzət Qasımov bildirib ki, seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

“Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlanılır və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır”.

Onun sözlərinə görə, prezidentliyə namizədlərə debat üçün İctimai Televiziyada həftəlik 3 saat ödənişsiz vaxt verilməlidir

“MSK-nın müraciəti əsasında adətən, bundan 2 dəfə çox – 6 saat vaxt verilir. Bu il də bununla bağlı müvafiq olaraq müraciət ediləcək. Prezidentliyə namizədlərlə görüş keçirilib, ödənişsiz efir vaxtı dəyirmi masa formatında olacaq. İctimai Televiziyada ödənişsiz efir vaxtı həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 saat olmaqla, saat 21.00-da başlayacaq”, o qeyd edib.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə qanunvericiliyə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan”, "Xalq”, "Respublika”, "Bakinski raboçi” qəzelərində pulsuz olaraq yer ayrılır.

Azərbaycanda prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Forum

XS
SM
MD
LG