Accessibility links

Giorgi Qogiya: Həbsdə olan fəallar və jurnalistlər dərhal azadlığa buraxılmalıdır


Giorgi Qogiya: Həbsdə olan fəallar və jurnalistlər dərhal azadlığa buraxılmalıdır
please wait

No media source currently available

0:00 0:08:09 0:00

Giorgi Qogiya: Həbsdə olan fəallar və jurnalistlər dərhal azadlığa buraxılmalıdır

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Giorgi Qogiya Amerikanın Səsinə müsahibədə Azərbaycanda insan hüquqlarının durumu və jurnalistlərin həbsləri haqda danışıb.

Amerikanın Səsi: Human Rights Watch yanvarın 11-də açıqladığı illik hesabatında 2023-cü ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı uzun müddətdir davam edən narahatlıqlara diqqət çəkib. Hesabatda əsas tapıntılar nədən ibarətdir? Azərbaycanda əsas tendensiyalar haqqında nə deyə bilərsiniz?

Georgi Qogia: Təəssüf ki, keçən il Azərbaycanda insan hüquqları sahəsində vəziyyət yaxşılaşmayıb. Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi məhdudiyyətlər də daxil olmaqla, uzun müddətdir davam edən problemlərin bəzilərini görürük. Bir çox hallarda hesabatlılığın olmaması və tam cəzasızlıq, habelə hüquq mühafizə orqanları tərəfindən törədilən işgəncə və sui-istifadə hallarının şahidi olmuşuq. Media azadlığı davamlı olaraq bir problemdir, mediaya basqılar, həbslər və ölkədə tənqidi səslərin repressiyalara məruz qalması, eləcə də Dağlıq Qarabağda vəziyyət və inkişaflar, bütün bunlar dünya ölkələrində durumla bağlı hesabatda qeyd edilənlərin bir neçə nümunəsidir.

Amerikanın Səsi: Human Rights Watch təşkilatının artıq bir neçə ildir ki, Azərbaycanda işləmək imkanı yoxdur və bu, məlumatların toplanmasında çətinlik yaradır. Hesabatın hazırlandığı bu müddət ərzində məlumatları toplamaqda hansı çətinliklərlə qarşılaşmısınız?

Georgi Qogia: Aydındır ki, Azərbaycanın beynəlxalq yoxlamaya qapalı qalması və təkcə bizim [təşkilat] deyil, digər beynəlxalq insan hüquqları təşkilatlarının ölkəyə daxil ola bilməməsi bir maneədir. Lakin bu, bir istisna hal deyil. Təəssüf ki, Human Rights Watch-un birbaşa giriş imkanı olmadığı ölkələr var, lakin biz işi davam etdirə bilirik və bu iş yerlərdə vəkillər, vətəndaş cəmiyyəti fəalları, siyasi fəallar, adi vətəndaşlar da daxil olmaqla, insanlarla müxtəlif vasitələrlə mütəmadi olaraq söhbətlər etməklə aparılır. Azərbaycan belə bir araşdırmanın aparılmasına maneə törətmək üçün hər şeyi etsə də biz ölkədə hələ də məlumatları toplaya və insan hüquqları sahəsində pozuntuları sənədləşdirə bilirik.

Amerikanın Səsi: Azərbaycanda insan hüquqları ilə bağlı durum avtoritarizmin gücləndiyi və demokratiyanın zəiflədiyini müşahidə etdiyimiz bir zaman ümumi qlobal tendensiyalara nə dərəcədə uyğundur?

Georgi Qogia: Təəssüf ki, bu, dünyanın digər yerlərində avtoritarizmin yüksəlişini müşahidə etdiyimiz qlobal tendensiyaya uyğundur. Bununla belə, Human Rights Watch ölkələri sadəcə olaraq bir-biri ilə müqayisə etmir. Hər bir ölkənin beynəlxalq standartlar, müqavilələr, imzaladıqları konvensiyalar üzrə öz öhdəlikləri var. Ona görə də Azərbaycan könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyinə görə qiymətləndirilir. Biz Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı basqıları özümüz də görmüşük və bunun bir sikl xarakteri daşıdığının şahidi olmuşuq. Mən ölkədə vətəndaş cəmiyyəti, müstəqil vətəndaş cəmiyyətinin ilk dalğasının, fəalların həbs edildiyi, sürgün edildiyi və ya ev dustaqlığına göndərildyi 2012, 2013, 2014-cü illərdə orada idim və biz bunun necə nəticələndiyini gördük. Biz insan haqları qruplarının əsasən qanundan kənarda qaldığı qanunvericilik dövrünün şahidi olduq. Bilirsinizmi, ölkədə müstəqil medianın fəaliyyət göstərməsi asan və sərbəst olmayıb. Lakin hətta onlayn fəaliyyət göstərərək, hökuməti tənqid etməyə davam edən jurnalistlər və fəallar da hazırda onları hədəf alan yeni dalğa ilə qarşı-qarşıyadır. Beləliklə, indi Human Rights Watch və bir çox başqa təşkilatlar ölkədə tənqidi səslərə qarşı bizi narahat edən yeni basqıların ortasındayıq.

Amerikanın Səsi: Sizin fikrinizcə, beynəlxalq ictimaiyyətin təcili diqqət verməli olduğu və tədbir görməsini tələb edən ən vacib məsələlər hansılardır?

Georgi Qogia: Mən vurğulamaq istəyirəm ki, Azərbaycan həqiqətən də beynəlxalq səviyyədə şöhrət qazanmağa maraq göstərir, Azərbaycanı dünyanın siyasi xəritəsinə salmaq üçün müxtəlif meqa tədbirlərdən istifadə edir. Demək istəyirəm ki, burada səhv bir şey yoxdur. Bu, yaxşıdır. Azərbaycanın regional və ya qlobal lider olmaq üçün resursları və ambisiyaları var. Bildiyiniz kimi, Azərbaycan bu il daha bir meqa konfransa, İqlim Konvensiyası COP 29-a ev sahibliyi edəcək. Bu, dövlət başçılarının və qlobal liderlərin mühüm iqlim məsələlərini müzakirə etmək üçün Azərbaycanda toplaşacağı meqa tədbirdir. Eyni zamanda, bu, Azərbaycan rəhbərliyi ilə birbaşa əlaqə qurmaq və Əliyevə və onun hökumətinə liderlik rolunu oynamaq ambisiyasının media azadlığı və tənqidi səslərə dözümlülük tələb etdiyini təlqin edərək, onları buna təşviq etmək üçün bir imkanıdır. İfadə azadlığı, sərbəst toplaşmaq azadlığı, mətbuat azadlığı Azərbaycanın beynəlxalq imicinə dərindən önəm verən ölkə kimi hörmət etməli olduğu fundamental insan hüquqlarıdır. Və bildiyiniz kimi, çox yaxında, bir neçə həftədən sonra, fevralda Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ona görə də Azərbaycanın azad və ədalətli seçkinin yalnız ifadə azadlığının, mətbuat azadlığının, sərbəst toplaşmaq azadlığının mövcud olduğu mühitdə mümkün olduğunu anlaması həqiqətən də vacibdir. Təəssüf ki, Azərbaycan indiki mərhələdə bu fundamental hüquqları müntəzəm və davamlı olaraq pozur. Ona görə də Azərbaycan və onun rəhbərliyi, eləcə də Azərbaycanın beynəlxalq tərəfdaşları tərəfindən bunlara xüsusi diqqət yetirilməlidir.

Amerikanın Səsi: Dövlət Departamentinin sözçüsü bu həftənin əvvəlində Azərbaycanda jurnalistlərin həbsindən narahatlığını bildirib. Avropa İttifaqının nümayəndəsi də jurnalistlərə qarşı rəftarla əlaqədar narahatlığını ifadə edib. Beynəlxalq ictimaiyyət vəziyyəti yaxşılaşdırmaq üçün hansı işləri görə bilər?

Georgi Qogia: Düşünürəm ki, indiki mərhələdə onlar Azərbaycana dəstəyi konkret hüquqlar və təkmilləşdirmələrlə şərtləndirməyi nəzərdən keçirməlidirlər. Demək istədiyim odur ki, beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən istənilən yardım, hökumətlərarası proqram müəyyən şərtlərə bağlı olmalıdır. Əgər Azərbaycan və Avropa İttifaqı daha sıx siyasi və iqtisadi əlaqələrdə maraqlıdırsa, bu, ümumi dəyərlər şərti ilə müşayiət olunmalıdır və siz bilirsiniz ki, ümumi dəyərlər hüquqa əsaslanan dəyərlərdir və onlar açıq şəkildə və bağlı qapılar arxasında Azərbaycanı hüquq müdafiəçiləri və həbsdə olan jurnalistləri dərhal azadlığa buraxmağa çağırmalıdırlar. Qubad İbadoğludan başlayaraq “AbzasMedia”-nın jurnalistləri və Tofiq Yaqubluya qədər bu, birinci prioritet olmalıdır. Onlar dərhal azadlığa buraxılmalıdır və onlara qarşı irəli sürülmüş bütün ittihamlar ləğv edilməlidir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG