Accessibility links

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyası Azərbaycanda fəaliyyətə başlayıb


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat konfransı
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat konfransı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində öz müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib.

Bu barədə dekabrın 29-da Bakıda keçirilən mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunün Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi məlumat verib.

O bildirib ki, 8 həftə ərzində seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaq. Missiya 11 beynəlxalq ekspertdən ibarətdir. Bundan əlavə, seçki kampaniyası və seçkilərin monitorinqini 26 uzunmüddətli müşahidəçi həyata keçirəcək. Onlar yanvarın 3-də gələcəklər və paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın bütün regionlarını əhatə edəcəklər. Regionlara 2 uzunmüddətli müşahidəçi göndəriləcək.

Bundan əlavə, Mörfinin sözlərinə görə, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ATƏT-ə üzv ölkələrə sorğu göndərib ki, birbaşa seçki günü monitorinq üçün daha 280 qısamüddətli müşahidəçi göndərsinlər.

Missiya seçki qanunvericiliyinin praktikada tətbiqi, seçki administrasiyaları üzvlərinin hazırlanması və təlimi, namizədlərin qeydiyyatı, seçki kampaniyasının gedişi, media mühiti, seçkilərin KİV-də işıqlandırılması, qadınların seçkilərdə iştirakının monitorinqini aparacaq. Aralıq hesabat seçkidən iki həftə əvvəl açıqlanacaq. Səsvermədən sonrakı gün missiya ilkin hesabatı açıqlayacaq, tövsiyələrin yer aldığı yekun hesabat isə seçkidən bir neçə ay sonra yayılacaq.

"Bizi seçkilərin nəticələri maraqlandırmır, biz seçki prosesini ATƏT standartlarına və beynəlxalq öhdəliklərə uyğunluğu baxımından qiymətləndiririk", - Ouen qeyd edib.

Jurnalistlərin son aylarda baş verən siyasi fəalların, həmçinin, jurnalistlərin həbsi ilə bağlı sualına cavab olaraq bildirib ki, missiya görüşlər keçirəcək və bütün əlaqədar tərəfləri dinləyəcək.

O xatırladıb ki, bundan əvvəl ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi missiyası öz müşahidələri haqqında hesabat yayıb.

Növbədənkənar prezident seçkiləri fevralın 7-nə təyin edilib.

Müsavat Partiyası seçkilərdə iştirakdan imtina edib və ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını bildirib.

Xalq Cəbhəsi Partiyası da bu səbəbdən seçkiləri boykot etdiyini bildirib.

Forum

XS
SM
MD
LG