Accessibility links

Sürgündəki Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası hakimiyyəti tənqidçilərini həbsdən azad etməyə çağıran bəyanatla çıxış edib


Həbsxana
Həbsxana

İnsan Haqları İnstitutu (İHİ, sədri Devid Qoros) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ, icraçı direktoru Emin Hüseynov) təmsil etdiyi Sürgündəki Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası (AZEX) açıqladığı bəyanatda bildirib ki, “Azərbaycanda növbədənkənar prezident seçkiləri ərəfəsində jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifət fəallarına qarşı repressiyaların yeni dalğasına görə Azərbaycan hakimiyyətini qınayır”, hazırkı dövlət başçısı İlham Əliyevi bütün tənqidçiləri dərhal azad etməyə, o cümlədən ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan bütün fundamental azadlıqları təmin etməyə çağırır.

Təşkilatın bəyanatında deyilir ki, İHİ və RATİ Azərbaycan hakimiyyətinin seçkiqabağı “söz azadlığına qarşı repressiyalarının qəddarlığından xüsusilə narahatdır”, bunun nəticəsində son iki ayda jurnalistlər Ülvi Həsənli, Məhəmməd Kəkalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Teymur Kərimov, Şamo Eminov, Əziz Orucov, Ərşad İbrahimov, İbrahim Hümbətov, Elnarə Qasımova, Qabil Vəliyev və Şahin Rzayev ölkə həbsxanalarına göndərilib.

“Bu yaxınlarda həbs olunan jurnalistlərin demək olar ki, əksəriyyətinin xaricdən qeyri-qanuni maliyyə almaları ilə bağlı absurd ittihamlarla üzləşməsinə baxmayaraq, onların təqib edilməsinin əsl səbəbi səs-küylü antikorrupsiya jurnalist araşdırmalarının aparılması və Azərbaycan vətəndaşlarının sosial-iqtisadi və siyasi hüquqlarının sistematik və kütləvi şəkildə pozulmasını üzə çıxaran gündəlik yazılardır”, AZEX-in həmtəsisçisi Emin Hüseynov bildirib.

“Bir ildən artıqdır davam edən və jurnalist Əvəz Zeynallı, hüquq müdafiəçisi Bəxtiyar Hacıyev, ekofəal Nazim Bəydəmirli və iqtisadçı alim Qubad İbadoğlu kimi hakimiyyəti tənqid edən tanınmış şəxslərin həbsi ilə yadda qalan repressiyaların artım dinamikası, o cümlədən medianın və siyasi partiyaların işini tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi onu göstərir ki, Azərbaycan hakimiyyəti yaxın iki ildə ölkə daxilində müstəqil vətəndaş cəmiyyəti institutlarını tamamilə məhv etmək niyyətindədir. Azərbaycanda mülki, siyasi və sosial-iqtisadi hüquqların boğulmasına sistemli şəkildə obyektiv reaksiya vermək üçün biz yeni vətəndaş təşəbbüsü təsis etdik və Azərbaycanın üzv olduğu bütün beynəlxalq strukturları Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasına operativ reaksiya verməyə çağıracağıq”, Hüseynov qeyd edib.

Sürgündə olan Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası (AZEX) bildirib ki, 2023-cü ilin dekabrında Azərbaycanda səfərdə olan, ölkə rəhbərliyi ilə görüşlər keçirən, “Azərbaycanda təzyiqlərə məruz qalan jurnalistlər və hüquq müdafiəçiləri ilə görüşməyi lazım bilməyən” Avropa Şurasının baş katibi Mariya Peçinoviç-Buriçin biganəliyindən və susqun hərəkətsizliyindən narahatdır.

“Qeyd edək ki, onun 2022-ci ilin aprelində Azərbaycana sondan əvvəlki səfərindən bəri (o zaman da vətəndaş cəmiyyəti ilə görüşməyib) Azərbaycanda siyasi məhbusların sayı təxminən iki dəfə yarım artıb və hazırda 240 nəfərə yaxındır”, sənəddə qeyd edilir.

AZEX Koalisiyası həmçinin ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Teresa Ribeyronun Azərbaycanda jurnalistlərin kütləvi həbsinə vaxtında ictimai reaksiya verməməsindən məyusluğunu ifadə edib.

“O sanki son aylarda Azərbaycan hakimiyyətinin müstəqil mediaya qarşı repressiv hərəkətlərinə cavab verməkdən qəsdən imtina edir”, bəyanatda qeyd edilir.

AZEX Koalisiyası Avropa Xarici Fəaliyyət Xidmətinin jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların əsassız həbsindən narahatlıq ifadə edən son bəyanatını alqışladığını və Azərbaycanla tərəfdaşlıq edən siyasi və iqtisadi əlaqələri olan bütün beynəlxalq qurumları ölkə rəhbərliyindən insan hüquqları və demokratiya sahəsində beynəlxalq öhdəliklərə əməl etməyi tələb etməyə çağırdığını bildirib.

AZEX koalisiyası həmçinin “Azərbaycan hakimiyyətini Azərbaycanda prezident seçkiləri ərəfəsində bütün siyasi məhbusları həbsdən azad etməyə və ölkədə bütün fundamental hüquqlara riayət olunmasına zəmanət verməyə” çağırıb.

“Hakimiyyətin yerli vətəndaş cəmiyyətinə aşkar repressiv münasibətini nəzərə alaraq, AZEX koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Matteo Mekaççi, ATƏT-in baş katibi Helqa Şmidi, ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montellanı və ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın seçkiqabağı vəziyyəti obyektiv yerli və beynəlxalq müşahidə üçün qeyri-mümkün kimi qiymətləndirməyə, Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün ölkədə olan DTİHB/ATƏT-in missiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul etməyə çağırır, çünki Azərbaycan hakimiyyətinin ATƏT/DTİHB missiyasından beynəlxalq imicini təmizə çıxarmaq üçün istifadə edəcəyi riskləri mövcuddur”, bəyanatda qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəhbərləri ölkədə iradəsinə görə insanların təqib edilmədiyini və vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Azərbaycan rəsmiləri həmçinin ölkədə bütün fundamental azadlıqların, həminin söz, mətbuat azadlığı, demokratik seçkilərin tam təmin edildiyini bildirir. Bununla yanaşı, ölkə beynəlxalq mətbuat azadlığı indeksində 180 ölkə arasında 151-ci yeri bölüşür. ATƏT-in DTİHB-nin seçki müşahidə missiyası indiyədək ölkədə azad və demokratik seçkilərin keçirildiyini bəyan etməyib. Yerli hüquq müdafiəçilərinin son hesabatlarına görə, hazırda həbsdə iki yüz əlliyədək siyasi məhbus kimi tanıdıqları insan var.

Bununla yanaşı koalsiyanın bəyanatında adı çəkilən Avropa qurumları və həmin qurumları təmsil edən şəxslər hələ iddialara münasibət bildirməyib.

Sürgündəki Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası (AZEX) yanvarın 16-da İsveçrədə təsis edilib. Təkilatat iradəsinə görə siyasi təqiblər səbəbindən ölkədən mühacirət etmiş insanları birləşdirir.

Forum

XS
SM
MD
LG