7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Razi Nurullayev seçkilərdə qeydiyyata alınan yeddi namizəddən birdir. Amerikanın Səsi ona suallarını ünvanlayıb.
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev deyir ki, prezident seçiləcəyi təqdirdə xalqın rifahını yaxşılaşdırmağa yönəlik qərarlar qəbul edəcək. Bu məsələlərdən uşaq pulunun bərpası, pensiya yaşının azaldılması, sosial evlərlə təminatı xüsusilə vurğulayır.
Razi Nurullayev seçkilərə qatılmadan seçkilərin şəffaflığını tənqidi doğru hesab etmir. Düşünür ki, bu boykot qərarı əziyyət çəkməmək üçün bəhanədir.
Namizəd resurslarla bağlı çətinliyin olduğunu da qeyd edir. Buna səbəblərədən biri kimi bizneslə məşğul olan insanların siyasi partiyalara dəstək olmamasını göstərir.
Xatırladaq ki, 7 fevral 2024-cü il tarixində Azərbaycanda keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində iştirak edən digər namizədlər Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Böyük Quruluş Partiyasından Fazil Mustafa, Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasından Elşad Musayev, öz təşəbbüsü ilə namizədliklərini irəli sürmüş Zahid Oruc və Fuad Əliyevdir.
Aparıcı müxalifət partiyaları Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası seçkilərin şəffaf və obyektiv keçirilməyəcəyini hesab edərək seçkilləri boykot ediblər. REAL partiyası isə seçkilərdə namizədlə çıxış etməsə də, vətəndaşları seçkilərdə aktiv iştiraka dəvət edir. Bunu parlament seçkilərinə hazırlaşmaları ilə əlaqələndirilər. Onlar hesab edir ki, vətəndaşların seçki vərdişlərinin artması üçün prezident seçkilərində iştirakları vacibdir.
Qeyd edək ki, bundan öncə prezidentliyə namizəd Fazil Mustafa və Elşad Musayev də Amerikanın Səsinin suallarını cavablandırıb.
Forum