Accessibility links

ATƏT DTİHB: Seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib


OSCE
OSCE

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Aralıq hesabat (29 dekabr 2023 –19 yanvar 2024) dövrləri əhatə edir.

Hesabatda qeyd edilir ki, bu seçki Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək ilk seçki olacaq.

Sənəddə qeyd olunur ki, bir müddət əvvəl "Seçki Məcəlləsi"nə bir sıra texniki dəyişikliklər edilib.

“Bununla belə, düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etməmiş və əvvəllər müşahidə edilmiş çatışmazlıqları aradan qaldırmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayıb, "Media haqqında" və "Siyasi partiyalar haqqında" iki yeni qanunun bəyan edildiyi məqsəd media və partiyalar üçün əlverişli mühit təmin etməkdir, lakin DTİHB SMM həmsöhbətlər tərəfindən hər iki qanun ifadə və birləşmək azadlığı üçün məkanı daha da daralatmaq məqsədi daşıyan kimi qəbul olunur", hesabatda bildirilir.

DTİHB SMM-nın hesabatında deyilir ki, seçki komissiyaların tərkibi parlamentin siyasi tərkibini əks etdirir, peşəkar və yaxşı resurslara malik qurumlar təəsüratı yaradır, Mərkəzi Seçki Komissiyasının (MSK) 18 üzvündən dördü qadındır.

Seçicilərin sayına gəlincə hesabatda qeyd olunur ki, MSK 6,320,500 seçicinin qeydə alındığını bəyan etmişdir və bu 2020-ci ildə keçirilən ən son ümummilli seçkilərlə müqayisədə bir milyondan çox seçici deməkdir.

Hesabatda bildirilir ki, MSK bunu COVID-19 pandemiyası və Ukraynadakı müharibədən sonra vətəndaş axını ilə əlaqələndirir.

Sənəddə xatırlanır ki, MSK namizədlərin irəli sürülməsi ilə bağlı 17 müraciət qəbul edib və onların hamısını təsdiqləyib.

"Namizədlərin heç biri qadın deyildi. Təyin olunan müddətdə yeddi namizəd qeydə alınıb. Qalan 10-u isə tələb olunan 40 min imza ilə imza vərəqələrini geri qaytarmayıb. Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib", sənəddə deyilir.

Hesabat müəllifləri qeyd edir ki, bu günə qədər təşviqat kampaniya zəif keçib. Bundan əlavə parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkiyə qatılmır, biri isə boykot çağırışı ilə çıxış edir. Kampaniyanın əsas mövzuları isə xarici siyasət və ərazi bütövlüyünün bərpasıdır.

Sənəddə qeyd olunur ki, bəzi DTİHB SMM həmsöhbətləri siyasi partiyaların qeydiyyatı ilə bağlı sərt yeni tələblərin, eləcə də kampaniyanın müddəti ilə əlaqədar əvvəlki mərhələli dəyişikliklərin, 24 namizədlərin qeydiyyatı tələblərinin və kampaniya üçün dövlət maliyyəsinin olmamasının siyasi iştiraka və bu seçkinin rəqabət qabiliyyətinə mənfi təsir göstərməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Sənəddə bildirilir ki, Konstitusiya ifadə azadlığı, media azadlığı və məlumat əldə etmək hüququnu təmin edir, lakin qoyulan məhdudiyyətlər kifayət qədər müəyyən edilməyib.

SMM hesabatında son aylar bəzi jurnalistlərin həbsinə də toxunulur.

"Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma, həbslər baş verib. Bunların da bir qismi hazırki hesabat dövrünə təsadüf edib. Bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması bir sıra DTİHB SMM həmsöhbətlərində narahatlıq doğurur", DTİHB SMM aralıq hesabatında deyilir .

Seçki kampaniyasının maliyyələşdirilməsi məsələsinə gəlincə, sənəddə deyilir ki, qanun kampaniya çərçivəsində fərdi ianələrin məbləğini fiziki şəxslərdən 3000 manat, hüquqi şəxslərdən isə 50,000 manatla məhdudlaşdırır. Namizəd və ya namizədliyi irəli sürən təşkilat təşviqat kampaniyasına 250,000 manatadək ianə verə bilər.

“Kampaniya xərclərinə 10 milyon manat limit tətbiq olunur. İlkin maliyyə hesabatlarına əsasən, hazırkı prezident namizədliyini irəli sürən partiyadan maksimum məbləğdə ianə, digər namizədlər isə öz mənbələrindən və ianələrindən ümumilikdə 55,550 manat alıblar", məlumatda deyilir.

Hesabata, hələlik, Azərbaycan MSK, namizədlər və digər rəsmi qurumlar münasibət bildirməyib.

Lakin istər MSK rəhbərliyi, istərsə də rəsmi şəxslər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə azad və ədaləti seçkilər üçün bütün imkanlar yaradılıb.

Xatırlatma

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

2020-ci ilin fevralında isə növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi: "Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb".

Forum

XS
SM
MD
LG