Accessibility links

Metyu Miller: Azərbaycanda daxili seçkilərlə bağlı şərhim yoxdur


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

ABŞ hələ ki, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı şərh verməyib.

"Mənim sadəcə olaraq Azərbaycanda daxili seçkilərlə bağlı heç bir şərhim yoxdur", deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller fevralın 1-də brifinqdə ATƏT-in ilkin hesabatı ilə bağlı ona ünvanlanan suala cavabda bildirib.

Beləliklə, Miller bir daha Turan Agentliyinin müxbirinin "bunun kifayət qədər əhəmiyyətli olmadığına görədir yoxsa" sualına cavabında "sadəcə olaraq bununla bağlı heç bir şərhim yoxdur", deməklə kifayətlənib .

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Sənəddə qeyd olunur ki, bir müddət əvvəl "Seçki Məcəlləsi"nə bir sıra texniki dəyişikliklər edilib.

“Bununla belə, düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etməmiş və əvvəllər müşahidə edilmiş çatışmazlıqları aradan qaldırmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayıb, "Media haqqında" və "Siyasi partiyalar haqqında" iki yeni qanunun bəyan edildiyi məqsəd media və partiyalar üçün əlverişli mühit təmin etməkdir, lakin DTİHB SMM həmsöhbətlər tərəfindən hər iki qanun ifadə və birləşmək azadlığı üçün məkanı daha da daralatmaq məqsədi daşıyan kimi qəbul olunur", hesabatda bildirilir.

DTİHB SMM-nın hesabatında deyilir ki, seçki komissiyaların tərkibi parlamentin siyasi tərkibini əks etdirir, peşəkar və yaxşı resurslara malik qurumlar təəsüratı yaradır, Mərkəzi Seçki Komissiyasının (MSK) 18 üzvündən dördü qadındır.

Seçicilərin sayına gəlincə hesabatda qeyd olunur ki, MSK 6,320,500 seçicinin qeydə alındığını bəyan etmişdir və bu 2020-ci ildə keçirilən ən son ümummilli seçkilərlə müqayisədə bir milyondan çox seçici deməkdir.

Hesabatda bildirilir ki, MSK bunu COVID-19 pandemiyası və Ukraynadakı müharibədən sonra vətəndaş axını ilə əlaqələndirir.

Sənəddə xatırlanır ki, MSK namizədlərin irəli sürülməsi ilə bağlı 17 müraciət qəbul edib və onların hamısını təsdiqləyib.

"Namizədlərin heç biri qadın deyildi. Təyin olunan müddətdə yeddi namizəd qeydə alınıb. Qalan 10-u isə tələb olunan 40 min imza ilə imza vərəqələrini geri qaytarmayıb. Hazırkı prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib", sənəddə

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

2020-ci ilin fevralında isə növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi: "Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb".

Forum

XS
SM
MD
LG