ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin fevralın 12-də ənənəvi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib.
"Biz bu məsələ ilə bağlı davamlı dialoqun tərəfdarıyıq. Biz inanırıq ki, bu, dayanıqlı nizamlanmaya nail olmağın ən yaxşı yoludur və bundan sonra da bunun üçün səy göstərəcəyik," o, vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lou Bono yanvarın 8-9-da Yerevana səfəri zamanı yüksək səviyyəli rəsmilərlə regiona sülh və sabitliyin gətirilməsi səylərini müzakirə edib. Lakin o, Azərbaycana səfər etməyib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenci Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhə nail olmaq üçün səylərə güclü dəstək verməyə davam edəcək.
Səfirliyin nümayəndəsi xatırladıb ki, Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və ədalətli sülhə nail olmaq yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir.
Ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə bəyanat yayaraq, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.
Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini təhvil verib.
Yanvarın 31-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində delimitsaiya komissiyasının toplantısında Azərbaycan və Ermənistanın hələ də bir-birinin nəzarətində olan anklavlarla bağlı müzakirələr aparılacağını bildirib.
“Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, Əliyev vurğulayıb.
Belə ki, Azərbaycan 8 kəndinin Ermənistanın, Ermənistan isə 1 kəndinin Azərbaycanın nəzarətində olduğunu iddia edir.
Sonuncu dəfə ötən il noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirilib.
Forum