Accessibility links

İlham Əliyev andiçmə mərasimi nitqində ölkənin yeni xətti haqda danışıb


Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində (14 fevral, 2024-cü il)
Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində (14 fevral, 2024-cü il)

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitq söyləyib.

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi bunları qeyd edib.

İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda "ordu qurculuğu", "hərbi sənayenin inkişafı", "sərhədlərin qorunmasının gücləndirilməsi", "xarici risklərdən qorunmaq", "milli birlik", "azərbaycançılıq", "azad edilmiş ərazilərin bərpası", "məcburi köçkünlərin doğma yurdlarına qaytarılması", "iqtisadi və sosial sahədə inkişaf", "yoxsulluq və işsizliyin aradan qaldırılması", "xarici investisiyaların cəlbi", "monopoliyalara qarşı mübarizə", "nəqliyyat infrastrukturu", "tranzit imkanlarından faydalanmaq", "texnoloji və süni intellekt sahəslərinin inkişafı" ifadələrini istifadə edib.

O xarici siyasətin əsas prioriteti kimi Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Əliyev həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib.

Azərbaycanın dövlət başçısı Ermənistan-Azərbaycan sülh gündəliyindən danışarkən ölkə ordusunun öz gücünü göstərdiyini qeyd edib.

Təhlükəsizlik haqda danışarkən, prezident Azərbaycanda daxili risklərin olmadğını bildirib. Onun fikirncə, Azərbaycana qarşı əsas risklər xaricdə formalaşır.

“Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də ideoloji risklərdən qorumalıyıq”, İlham Əliyev qeyd edib.

İqtisadi və sosial durumla bağlı danışarkən Əliyev qeyd edib ki, hazırda ölkədə minimum əmək haqqı 345 manat, minimum pensiya 280 manatdır.“Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var”, o əlavə edib.

Azərbaycan prezidenti neft-qaz hasilatı, yaşıl enerji ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafından danışıb. “Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə”, Əliyev qeyd edib.

İlham Əliyevin andiçmə mərasimindəki nitqinə reaksiya verən müxalif siyasətçilər və müstəqil ekspertlər isə ölkənin strateji inkişafı üçün siyasi islahatların, insanların hüquq və azadlıqları sahəsində təminatın vacibliyini önə çəkib.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, İlham Əliyevin andiçmə mərasimində elan etdiyi Azərbaycan üçün yeni dövr əslində 44 günlük müharibədən dərhal sonra başlayıb.

“Çünki müharibədən əvvəlki dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu problemin bir nömrəli hədəfi olmasına görə, ölkədə bir sıra digər problemlər kölgədə qalmışdı. Ancaq ölkə yalnız ərazi bütövlüyü problemi ilə üzləşməyib”.

Hacılının fikrincə, Azərbaycanın çox problemləri var və problemlərin həlli üçün müharibədən sonrakı dövrdə daha uğurlu bir vəziyyət yaranıb.

“Belə ki, indi dövlət büdcəsinin vəsaitlərinin ölkənin sürətlə inkişafına yönəldilməsi, nəhayət xammal ixrac edən ölkədən məhsul istehal edən ölkəyə çevrilməsi, ölkəyə ciddi texnologiyaların gətirilməsi, dünyanın sürətlə inkişaf edən ölkələri ilə rəqabətə girməsi üçün çox ciddi imkanlar var. Bu imkanlardan maksimum istifadə olunmalıdır”.

Müsavat başqanı daxili siyasətdə ilk növbədə siyasi islahatların həyata keçirilməsini vacib sayır.

“Azad seçkilərin keçirilməsi, hakimiyyət bölgüsünün aparılması, azad məhkəmələrin yaradılması, fundamental insan haqlarının, sərbəst toplaşma azadlığının, söz və ifadə azadlığının təmin edilməsi vacibdir”.

Müsavat başqanı ölkədə siyasi sahə ilə yanaşı iqtisadi sahədə də bərabər imkanlar şəraitinin yaradılmasını vacib sayır.

“Monopoliyaya son qoyulmalıdır. Korrupsiya və rüşvətxorluğa nəhayət son qoyulmalıdır. Bunun üçün hal-hazırda çox ciddi imkanlar mövcuddur. Bu islahatların həyata keçirilməsi, o cümlədən xarici siyasətdə radikal dəyişikliklərin edilməsinə ehtiyac var. Təbii ki, türk dövlətləri birliyinin inkişaf etdirilməsi və Azərbaycanın bu birlikdə iştirakı vacibdir. Elə İslam Əməkdaşlıq Təşkilatı ilə də Azərbaycanın mənafelərinə uyğun olan əməkdaşlığın davam etdirilməsi zəruridir”, Hacılı qeyd edib.

O hesab edir ki, ilk növbədə Azərbaycan Konstitusiyasına və Azərbaycanın təhlükəsizlik konsepsiyasına əməl edilərək ölkənin avrointeqrasiya istiqamətində inkişafına, demokratiya və insan haqları sahəsində inkişafa nail olunmalıdır.

“Çünki bütövlükdə Azərbaycanın inkişafı və inkişaf edən ölkələrlə rəqabət şəraitində inkişafı məhz bu yolla mümkündür. Bunlar əslində Azərbaycanın Konstitusiyasında və qanunlarında öz əksini tapmış məsələlərdir. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanacaq. Bu, bütvlükdə regional kommunikasiyaların açılması, regional əməkdaşlığın yaranması və inkişafına əsas yaradacaq”, Arif Hacılı Azərbaycan prezidentinin nitqi barədə danışarkən deyib.

Azər Qasımlı, Siyasi Menecment İnstitutunun direktoru
Azər Qasımlı, Siyasi Menecment İnstitutunun direktoru

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, Azərbaycanın daxilində hansısa müsbət bir ciddi dəyişiklik gözləmir.

“Birinci iqtisadiyyatdan başlayaq. Azərbaycan iqtisadiyyatı monopoliyaların altındadır. Azərbaycan iqtisadiyyatı korrupsiyada boğulur. Bunu edən də elə İlham Əliyevin özüdür. Artıq 2016-cı il referendumundan sonra Azərbaycanda nəinki siyasi, hətta iqtisadi resurslar bir əldə cəmləşməyə başlayıb. İndi o, bu siyasətini dəyişəcəkmi? Azərbaycanda və ya onun kənarında buna inanan varmı? Ən azı mən buna inanmıram”, təhlilçi qeyd edib.

Qasımlı hesab edir ki, ölkədə siyasətdə ciddi dəyişikliklərə ehtiyac var.

“Bu gün Azərbaycanda demokratik institutlar tamamən sıradan çıxarılıb. Saxta parlament, saxta partiyalar, saxta QHT-lər, saxta media. İlham Əliyev bunu dəyişməyə hazırdırmı? Sual olunur. Bu on illər ərzində formalaşdırdığı bu sistemi tamamilə dəyişdirib, onun yerinə demokratik sistem qurmağa hazırdımı? Bunu istəyirmi?”

O ölkənin siyasi gələcəyindən danışarkən deyib ki, Azərbaycanı hansı yerə aparıldığı məlumdur.

“Bunu artıq gördük. Elə seçki bitər bitməz Heydər Əliyevlə hərbi obyektdə hərbi paltarlarda şəkilləri çəkdirildi. Yəni mediaya onların obrazı çıxarıldı. Bu da təbii ki, elə-belə deyil idi. Burada iki mesaj var. Birinci mesaj odur ki, məndən sonra oğlum gələcək. Demokratiya falan olmayacaq. Yenə monarxik ssenari Azərbaycanı gözləyir. İkinci də hərbi paltarda olduqlarına görə, Qarabağ mövzusunu bundan sonra da isitismar edəcəklər. Bu mövzularla da ictimai rəyi manipulyasiya edəcəklər”, Azər Qasımlı belə düşünür.

Forum

XS
SM
MD
LG