Accessibility links

Aİ Azərbaycan hakimiyyətini ATƏT/DTİHB missiyasının tövsiyələrini yerinə yetirməyə çağırıb


Azərbaycanda növbədənkənar prezident seçkiləri (7 fevral, 2024-cü il)
Azərbaycanda növbədənkənar prezident seçkiləri (7 fevral, 2024-cü il)

Avropa İttifaqı Azərbaycan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının 7 fevralda keçirilən prezident seçkiləri və əvvəlki seçkilərlə bağlı tövsiyələrini yerinə yetirməyə çağırıb.

ATƏT/DTİHB müşahidə missiyası İlham Əliyevin qələbəsi ilə nəticələnən növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə və əsas hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşma, ifadə və media azadlığını məhdudlaşdıran qanunlar çərçivəsində baş tutduğunu qeyd edib.

“Seçkilərə hazırlıq səmərəli idarə olunsa da, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması seçki prosesinə damğa vurdu. Seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib, lakin müşahidəçilər məcburi prosedurlara geniş şəkildə məhəl qoyulmaması, şəffaflığın olmaması və çoxsaylı ciddi pozuntuların olduğunu bildiriblər”, Aİ-nin ötən axşam yaydığı bəyanatında qeyd edilir.

Aİ sözçüsü Piter Stano Azərbaycan hakimiyyətinə ATƏT/DTİHB missiyasının bu və əvvəlki seçkilərlə bağlı tövsiyələrini qəbul edəcəyinə və həyata keçirəcəyinə dair İttifaqın gözləntilərini xatırladıb və Aİ-nin Azərbaycan xalqının mənafeyi naminə yaxşı idarəçilik, insan hüquqları və qanunun aliliyi də daxil olmaqla Azərbaycanla dialoq və əməkdaşlıqda davam edəcəyini vurğulayıb.

Fevralın 8-də Amerika Birləşmiş Ştatları da Azərbaycandakı prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT/DTİHB missiyasının müşahidələrini və narahatlıqlarını bölüşdüyünü qeyd edib.

“Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, ABŞ səfirliyinin bəyanatında qeyd edilir.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 7 fevral seçkilərində səslərin 92.12 faizini toplayaraq beşinci dəfə prezident seçilib.

MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil omadığını bildirib.

YAP rəsmiləri ölkədə azad, ədalətli və demokratik seçkilər üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür şəraitin yaradıldığını bəyan edib.

Forum

XS
SM
MD
LG