Accessibility links

Seçki Müşahidə Alyansı president seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb


Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb.
Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb.

“Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri rəqabətsiz və qeyri-demokratik atmosferdə keçib”.

Bu barədə Seçki Müşahidə Alyansının ilkin bəyanatında deyilir.

Bu qurumun monitorinq missiyası 7 ekspert və 20 qısamüddətli müşahidəçidən ibarət olub. 20 seçki dairəsində 120 məntəqədə səsvermə və səslərin sayılması proseslərini izləyib.

Bəyanatda qeyd olunur ki, əsas müxalifət partiyaları seçkini boykot etsə də, hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş hazırkı prezident İlham Əliyev hər hansı çətinliklə üzləşməyib.

“Ümumi məhdudlaşdırıcı seçki mühiti ilə yanaşı seçki günü çoxsaylı pozuntular seçkinin bütövlüyünü əhəmiyyətli dərəcədə pozub”, sənəddə deyilir.

Sənəddə bildirilir ki, media və vətəndaş cəmiyyəti həm seçkidən əvvəl, həm də seçki periodunda məhdudiyyətlər altında fəaliyyət göstərib, “hücumlara və qarayaxma kampaniyalarına” məruz qalıb, seçki dövründə 10-dan çox jurnalistin həbs edilməsi repressiv mühiti gücləndirib.

“Vətəndaş cəmiyyəti təşkilatları üçün məhdudiyyət və təzyiqlərlə səciyyələnən əlverişsiz şərait onların seçkinin bütövlüyünə töhfə vermək imkanlarını daha da azaldıb”, sənəddə deyilir.

“11 halda müşahidəçilərə məntəqəyə daxil olmaq, məntəqədə əlverişli nöqtədə müşahidə aparmaq və ya video/foto çəkiliş zamanı maneələr törədilib, bəzi hallarda müşahidəçilər məntəqədən polis müdaxiləsilə qanunsuz olaraq uzaqlaşdırılıb. Məntəqələrin 70 faizi əlilliyi olan şəxslər üçün əlçatmaz olub. Məntəqələrin 45 faizində qeydiyyatda olmayan şəxslərin səsvermə halı, 20 faizində təkrar səsvermə halı, 15 faizində seçki qutularına topa bülleten atılması halları, 60 faizində isə “karusel” (seçicilərin qrup şəklində məntəqələri gəzərək səsverməsi) halları müşahidə edilərək sənədləşdirilib”, bəyanatda qeyd edilir.

Seçki Müşahidə Alyansı hesab edir ki, bir çox hallarda məntəqələrdə səslərin sayılması prosesində şəffaflıq təmin edilməyib.

“Məntəqələrin 35 faizində müşahidəçilərə səslərin sayılması prosesini rahat müşahidə etməyə imkan verilməyib. Məntəqələrin 50 faizindən çoxunda isə yekun protokolun rəsmi surəti qanunsuz olaraq müşahidəçilərə təqdim olunmayıb. Qeyd olunan pozuntulara dair daha ətraflı məlumat Seçki Müşahidə Aalyansının yekun hesabatında dərc olunacaq”, rəydə deyilir.

Bununla yanaşı, Azərbaycanın Mərkəzi Seçki Komissiyası ölkədə seçki mühitinin demokratik tələblərə tam cavab verdiyini, azad, ədalətli, demokratik seçki keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirir. MSK həmçinin səsvermə zamanı pozuntularla bağlı deyilənləri təkzib edib.

Rəsmi Bakı Azərbaycanda iradəsinə görə insanların təqib edilmədiyini, qanunvericilik qarşısında bərabər olduğunu bəyan edib.

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində isə deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.

“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb”, sənəddə qeyd edilir.

Seçki Müşahidə Alyansı son prezident seçkiləri ərəfəsində bir qrup vətəndaş cəmiyyəti fəalı tərəfindən yaradılan yerli ictimai qurumdur.

Rəhbəri Məmməd Məmmədzadədir.

Forum

XS
SM
MD
LG