Accessibility links

Pakistanda seçkilər öncəsi namizədlərin ofisləri yaxınlığında baş verən partlayışlarda 30-dan çox adam ölüb


Fevralın 7-də parlamentə səsvermənin keçirilməsinə bir gün qalmış Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində namizədlərin seçki büroları yaxınlığında törədilən iki partlayışda ən azı 30 nəfər həlak olub.

Rəsmilərin bildirdiyinə görə, partlayışlar nəticəsində onlarla adam da yaralanıb.

Yerli təhlükəsizlik rəsmisi Nasibullah Kakar AzadlıqRadiosunun Məşəl radiosuna bildirib ki, Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Bəlucistan əyalətinin Pişin rayonunda hücum azı 12 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.

Pişin və Qilla Seyfullah rayonlarında baş verən ölümcül partlayışlar təxminən 241 milyon əhalisi olan ölkədə cümə axşamı keçiriləcək ümumilli seçkilər ərəfəsində təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

"Vurğulamaq lazımdır ki, təyin edilmiş seçkilər planlaşdırıldığı kimi davam edəcək" vilayət hökumətinin sözçüsü Can Açakzai deyib. O əlavə edib ki, “terrorçuların” “həlledici demokratik prosesə” əngəl törətməsində icazə verilməyəcək.

Partlayış müstəqil namizəd və əyalətin keçmiş naziri Əsfəndyar Xan Kakarın seçki bürosunun qarşısında baş verib.

12 nəfərin ölümü ilə nəticələnən ilk hücum Pişin rayonunda müstəqil seçkiyə namizədin ofisində baş verib.

Yerli administrasiyanın rəhbəri Yasir Baz bildirib ki, ikinci partlayış Qilla Seyfullahda, əvvəllər silahlıların hücumlarına məruz qalmış dini partiya olan Camiat Ulema Islamın (JUI) namizədi Mövlana Əbdül Vasinin ofisinin yaxınlığında baş verib.

Rəsmilər bu hücumda ən azı 10 nəfərin öldüyünü bildirib.

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Bir neçə qrup, o cümlədən Bəlucistan Azadlıq Ordusu (BLA), qadağan olunmuş Bəluc separatçı qrupu, islamçı yaraqlı Təhrik-e Taliban Pakistan (TTP) və İslam Dövləti (İD) bölgədə son aylarda hücumlar həyata keçirib.

"Seçki Komissiyası Bəlucistanın baş katibi və baş müfəttişindən dərhal hesabat tələb edib və onlara hadisələrin arxasında duran şəxslərə qarşı tədbir görməyi tapşırıb" -, deyə Seçki Komissiyasının sözçüsü bildirib.

Pakistanda seçkilər ərəfəsində zorakılıq halları artıb.

Fevralın 5-də Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonunun Daraban şəhərində onlarla ağır silahlı döyüşçünün polis məntəqəsinə hücumu nəticəsində azı 10 polis əməkdaşı həlak olub.

Ötən ayın sonunda Bəlucistanda BLA silahlıları tərəfindən dörd polis əməkdaşı və iki mülki şəxs öldürülüb.

Forum

XS
SM
MD
LG