Fevralın 14-də Azərbaycanın rəsmən yeni prezidenti seçildiyi açıqlanan İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimində İlham Əliyev nitq söyləyib.
Azərbaycan Konstitusiyasının 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.
Konstitusiyanın 118-ci maddəsinə görə isə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Fevralın 13-də Konstitusiya Məhkəməsi növbədənkənar prezident seçkisinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.
“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb,” sənəddə qeyd edilir.
Seçkiləri boykot edən Azərbaycanın müxalifət partiyaları fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadıqlarını bildiriblər. Partiya rəhbərləri hesab edir ki, bu seçkilər qeyri-bərabər və qeyri-demokratik şəraitdə keçib.
Forum