Azərbaycan Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini təsdiqləyib. Bu barədə fevralın 13-də müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.
Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Fərhad Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 7 fevral seçkilərində səslərin 92.12 faizini toplayaraq beşinci dəfə prezident seçilib.
MSK rəsmiləri seçkilərdə ciddi qanun pozuntularının olması ilə bağlı bu quruma şikayətlərin daxil omadığını bildirib.
YAP rəsmiləri ölkədə azad, ədalətli və demokratik seçkilər üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hər cür şəraitin yaradıldığını bəyan edib.
Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrində isə deyilir ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı mühitdə keçib.
“Seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb,” sənəddə qeyd edilir.
Seçkiləri boykot edən Azərbaycanın müxalifət partiyaları fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadıqlarını bildiriblər. Partiya rəhbərləri hesab edir ki, bu seçkilər qeyri-bərabər və demokratik şəraitdə keçib.
Forum