Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına kömək etməkdə davam edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller fevralın 21-də ənənəvi brifinqdə Turan agentliyinin ötən həftə Münhendə Dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşü barədə sualının cavabında bildirib.
"Blinken hələ də sülhün əlçatan olduğuna inanır və bunu hər iki ölkənin liderləri ilə birbaşa müzakirə etdi və onları körpü yaratmaq üçün birlikdə işləməyə təşviq etdi - nəticədə bir neçə qalan məsələ var. Biz bu ölkələri sülh sazişinə nail olmağa təşviq etməkdə davam edəcəyik. Bilirəm ki, iki lider Münhendə ikitərəfli görüş keçirib və buna görə də biz razılığın əldə olunmasında ABŞ-ın köməyini və dəstəyini təklif etməyə davam edəcəyik", o qeyd edib.
Miller Dövlət katibinin Prezident İlham Əliyevə insan hüquqları ilə bağlı öhdəliklərini xatırlatması və həbsdə olan iqtisad elmlər doktoru Qubad İbadoğlu ilə bağlı 21 konqresmeninin müracəti barədə Turanın sualının cavabında deyib ki, "bu istiqamətdə işlər davam etdirilir".
Qeyd edək ki, fevralın 17-də Münhendə Almaniya Kansleri Olaf Şolsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Kansler Olaf Şols arasında görüş keçirilib.
Sonra Olaf Şolsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şols və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olub.
Fevralın 17-də həmçinin ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrılıqda görüşü olub.
Görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.
Görüşlərdən sonra ABŞ Dövlət Departamenti bildirib ki, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlllərindən gələni etmək arzusundadırlar.
"ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməkdə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var”, o qeyd edib.
2013-cü il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Qubad İbadoğlu ilə yanaşı hazırda ondan çox jurnalist, çoxsaylı ictimai-siyasi fəal da həbsdədir.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun, jurnalistlərin, ictimai-siyasi fəalların həbsdən azad edilməsi üçün çağırışlar edib.
Forum