Accessibility links

Avropalı hüquqşünas Qubad İbadoğlunun həbsdə "qeyri-insani" rəftarla üzləşdiyini deyir


Qubad İbadoğlu
Qubad İbadoğlu

“European Human Rights Advocacy Centre”nin hüquqşünası Tobi Kollis Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun səhhəti, hüquqları, həbsindən sonrakı müdafiəsi ilə bağlı şərh verib.

“Saxta ittihamlarla həbs edilən iqtisadçı Qubad İbadoğlu saxlanılarkən sağlamlıq vəziyyəti nəzərə alınmayıb. Onun sağlamlığında ciddi problemlər var. Buna baxmayaraq ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftarla üzləşib”.

Bu barədə “European Human Rights Advocacy Centre”nin (Avropa İnsan Hüquqları Vəkillik Mərkəzi) hüquqşünası Tobi Kollis (Toby Collis) bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun həbsi, ona qarşı davranış Azərbaycanın siyasi məhbuslarla pis rəftarına sübutdur. Azərbaycan tezliklə bu məsələni həll etməlidir.

Təşkilat Qubad İbadoğlunun həbsindən sonra onun müdafiəsi ilə bağlı atılan addımlar barədə də yazıb.

Məqalədə Avropa Məhkəməsinin 39-cu qaydaya uyğun olaraq səhhəti kəskin pisləşən Qubad İbadoğlunun məsələsini növbədənkənar icraata götürdüyü və qətnamə qəbul edərək Azərbaycan hökumətinin üzərinə öhdəliklər qoyduğu qeyd edilir.

Qubad İbadoğlunun hüquqlarını müdafiə edən vəkil Tobi Kollis həmçinin bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi onların vəsatətlərini təmin edib.

“Qubad İbadoğlu Azərbaycanda qurama ittihamlarla həbs edilib, hakimiyyətin ən parlaq tənqidçisinin həbsi zamanı onun sağlamlığı ilə bağlı ciddi problemləri olduğu nəzərə alınmayıb və onunla ləyaqəti alçaldan, qeyri-insani rəftar olunub”, məqalədə qeyd edilib.

Vəkil bildirib ki, Avropa Məhkəməsinin qərarından sonra o, Azərbaycandakı tərədaşı, vəkillər Zibeydə Sadıqova, Şəhla Hümbətova və Səməd Rəhimli ilə birlikdə məhkəməyə iki yeni vəsatət verib:

“Birinci vəsatətimiz həbsdə olan İbadoğlunun tibbi yardımla əhatə olunmaması (bu, qeyri-insani rəftar deməkdir) və tibbi xidmətin yaxşılaşdırılması üçün effektiv hüquqi vasitələrin olmaması ilə bağlıdır. İkinci vəsatətimiz isə Qubad İbadoğlunun tutulması və həbsdə saxlanılmasının qanunsuz olması, onun susdurulmasına hesablanılması, professorun ofisində və evində aparılan axtarışın qanunsuz olması, şəxsi mülkiyyət hüuqunun pozulması məsələlərini əhatə edir”, məlumatda bildirilir.

Materialda professor Qubad İbadoğlunun xüsusi zorakılıqla həbs olunması, saxlanma şəraitinin və tibbi xidmətlə əhatə olunmasının bərbadlığı, Beynəlxalq Qızıl Xaç Komitəsinin professoru təcridxanada ziyarət etməsinə qadağa qoyulması və digər məsələlərə də toxunulub.

Amerikanın Səsinə açıqlaqma verən Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib ki, hazırda iqtisadçının səhhətində heç bir müsbət dəyişiklik baş verməyib.

“Hər həftənin şənbəsi ailəsi olaraq onunla şüşə arxasından görüşürük. Müəyyən məlumatları alırıq. Demək olar ki, son zamanlar ümumiyyətlə səhhəti ilə bağlı tibbi yardımların əhatə olunması ilə bağlı hər hansı ciddi addımlar atılmır. Yalnız qanın analizi aparılır. Gündəlik şəkəri yoxlanılır. Qubad bəyin şəkəri özü ölçəndə təqribən gündəlik 350-400 və daha artıq olur. Amma onlar ölçəndə təqribən 100-150 olur”, o bildirib.

Qalib Toğrul: Qubad İbadoğlunun sağlamlığında problıemlər qalır
please wait

No media source currently available

0:00 0:04:14 0:00
Direct link

Qardaşının sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimlərinin Qubad İbadoğlunu müayinə edilməsinə imkan verilmir.

“Qızıl Xaç Komitəsinin həkimlərinə Qubad bəyin müayinəsi ilə bağlı sənədləri tam şəkildə təqdim eləmirlər”, Qalib Toğrul əlavə edib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun sağlamlığı ilə əlaqədar keyfiyyətli tibbi xidmətlə əhatə olunması ilə bağlı hər hansı yenilik yoxdur.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.

Öz növbəsində Azərbaycan höküməti bir qayda olaraq ölkədə siyasi məhbus probleminin olmadığını, insanların konkret cinayət törətdiklərinə görə cəza aldığını bildirir.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG