Accessibility links

Almaniyanın Azərbaycandakı səfiri Tofiq Yaqublunun qızı ilə görüşüb


Ralf Horlemann və Nigar Həzi (Mənbə: Sosial şəbəkə)
Ralf Horlemann və Nigar Həzi (Mənbə: Sosial şəbəkə)

Yanvarın 11-də Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə görüşüb.

“Saat yarımlıq görüşdə son repressiyalar zamanı həbs olunan Tofiq Yaqublu və digər siyasi məhbuslar barədə danışdıq. Bütün siyasi məhbuslara azadlıq tələb edirəm”, Nigar Həzi facebook səhifəsində yazıb.

Bundan öncə, Nigar Həzi ilə ABŞ-ın müvəqqəti işlətr vəkili, Fransanın Azərbaycandakı səfiri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhəbri görüşərək atası Tofiq Yaqublunun həbsi ilə bağlı narahatlıqlarını bildirib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 13 jurnalist və media əməkdaşı həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), 2021-ci ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG