Accessibility links

Bloger Rəşad Ramazanov 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilib


Rəşad Ramazanov. Foto Rəşad Ramazanovun Facebook səhifəsindən götürülüb.
Rəşad Ramazanov. Foto Rəşad Ramazanovun Facebook səhifəsindən götürülüb.

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə bloger Rəşad Ramazanovu narkotik ittihamı ilə 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, prokuror 10 il həbs istəyib və bu zaman bloger etiraz olaraq məhkəmə zalında məişət cihazlarında istifadə edilən batareya udub.

“Onun səhhətindən narahatam. Mən məhkəmə zalında olarkən təcili təxirəsalınmaz tibbi yardım xidməti çağırdım. Ramazanova tibbi yardım göstərilib-göstərilməməsi barədə hələ məlumata malik deyiləm”, vəkil qeyd edib.

Elçin Sadıqovun sözlərinə görə, saxlanılan zaman Rəşad Ramazanova işgəncə verilib.

“O hər hansı narkotik vasitədən istifadə etməyib. Məhkəmədə də bunu bildirdi. Narkotik vasitəni onun üzərinə qoyublar. Cinayət işindəki videoda da Rəşad deyir ki, bu nədir? Polis bildirir ki, heroindir. Onun özü belə bilmir ki, üzərinə qoyulan predmet nədir. Ramazanovun bədənində xəsarətlər də aşkar edilib. Ekspert qeyd etmişdi ki, bu xəsarətlər tutulduğu gündəki şəraitə uyğundur. Buna baxmayaraq məhkəmə bəraət hökmü əvəzinə ittiham hökmü verdi”, o qeyd edib.

Vəkil bildirib ki, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

“Biz bu hökmü siyasi hesab edirik”, o, Amerikanın Səsinə deyib.

Penitensiar Xidmətdən Rəşad Ramazanovun səhhəti ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

Bu arada, hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, Rəşad Ramazanov 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində müayinə olunur.

“Onu rentgen müayinəsindən keçirdikdən sonra həkimlər həyatı üçün təhlükə olmadığını bildirib. Hazırda həkim nəzarətindədir”, o qeyd edib.

Rəşad Ramazanov 2022-ci il mayın 20-də saxlanılıb, ertəsi gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə həbs qətimkan tədbiri seçilib.

Ramazanov sosial şəbəkələrdə kəskin tənqidi çıxışları ilə tanınır.

O, 2013-cü ilin mayında da həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.

Yerli hüquq-müdafiə təşkilatları bildirir ki, blogerin həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG