Accessibility links

Birləşmiş Ştatlar əfv fərmanını alqışlayır


ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatların Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da əfv fərmanı ilə 400-dən çox insanın, o cümlədən siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi hesab edilən 51 siyasi məhbusun azad edilməsini alqışladığını bildirib.

“Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edirik” – deyə ABŞ səfirliyinin açıqladığı bəyanatda bildirilir.

Azərbaycan prezidenti prezident İlham Əliyev martın 16-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında fərman imzalayıb. Əfv olunan 431 nəfər arasında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan çoxsaylı insanlar, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanov, ictimai-siyasi fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Murad Ədilov, Rüfət Səfərov, Elgiz Qəhrəmanov, Tofiq Həsənov, Rəşad Ramazanov, dindarlardan Elçin Qəhrəmanov və digərləri var.

Beynəlxalq ictimaiyyət siyasi məhbus hesab edilən şəxslər də daxil olmaqla, 400-dən çox insanın əfv edilməsi qərarını alqışlayıb.

Avropa İttifaqının xarici siyasət xidmətinin martın 17-də dərc olunan rəsmi bəyanatında Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsi “təqdirə layiq addım" kimi qiymətləndirilib. “Avropa İttifaqı Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq gələcəkdə bu cür addımların davam etdiriləcəyini gözləyir”, bəyanatda deyilir.

XS
SM
MD
LG