Accessibility links

ADR Partiyası “repressiyaların durdurulmasını“ tələb edir


ADR Partiyasının aksiyası (Arxiv foto. Mənbə: ADR Partiyasınındır)
ADR Partiyasının aksiyası (Arxiv foto. Mənbə: ADR Partiyasınındır)

Azərbaycan Demokrtaiya və Rifah - ADR Partiyası sədrinin müavini və İdarə Heyətinin üzvü, “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlının həbsi ilə bağlı etiraz bəyanatı ilə çıxış edib.

“23 iyulda beynəlxalq səviyyədə tanınmış iqtisadçı alim, ADR Partiyasının sədri və London İqtisadiyyat və Siyasi Elmlər məktəbinin professoru Qubad İbadoğlunun şərlənərək həbs edilməsi ilə başlayan yeni məzmunlu repressiya dalğası kütləvi xarakter almaqdadır. Fundamental insan hüquq və azadlıqları, liberal iqtisadiyyat və digər demokratik prinsiplərin daşıyıcıları Qərbə qarşı absurd mübarizə fonunda şiddətli təqiblərə məruz qalır”, sənəddə bildirilir.

“Hazırda Azərbaycan həbsxanalarında 250 nəfərə yaxın siyasi məhbusun olduğu bildirilir: o cümlədən, onların arasında son illərdə həbs olunmuş Polad Aslanov, Əvəz Zeynallı, Elnur Şükürov, İlham Aslanoğlu (Təhməzov), Osman Nərimanoğlu (Rzayev), Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli (Məmmədov), Niyaməddin Əhmədov, Rəşad Ramazanov, Pünhan Kərimli, Samir Aşurov, Qubad İbadoğlu, Afiyəddin Məmmədov, Ülvi Həsənli, Sevinc Vaqifqızı (Abbasova), Məhəmməd Kekalov, Əziz Orucov, Rza Səfərsoy, Nərgiz Absalamova və adı çəkilməyən çox sayda tanınmış siyasi, ictimai və mətbuat xadimləri var. AXCP-nin 10-dan çox fəalı hazırda siyasi həbs həyatı yaşamaqdadır. Hətta təzyiq tədbiri kimi Müsavat Partiyasının Başqanı Arif Hacılının oğlu Orxan Hacılı da qondarma ittihamla həbs edilib.

Dünən – dekabrın 2-də ADR sədrinin müavini, “Kanal 13”ün aparıcısı Rüfət Muradlı qondarma ittihamla şərlənərək həbs edilib”, ADR Partiyası qeyd edir.

Partiya, professor Qubad İbadoğlu başda olmaqla bütün siyasi məhbusların azad edilməsini qətiyyətlə tələb edir.

“ADR repressiya siyasətinə qətiyyətlə və təkidlə etirazını bildirir, bu repressiyaların durdurulmasını qətiyyətlə tələb edir və hakim rejimi konstitusion normalara hörmətlə yanaşmağa dəvət edir”, bəyanatda qeyd edilir.

Xatırladaq ki, son günlər 6 jurnalist həbs edilib.

Belə ki, noyabrın 28-də jurnalist - “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Bununla yanaşı son günlər Abzas Media İnternet nəşrinin direktopru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, jurnalsti Nərgiz Absalomova həbs edilib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.

Rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG