Accessibility links

Nazim Bəydəmirli istintaq təcridxanasında tibbi müayinə edilib


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iş adamı, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli istintaq təcridxanasında qəflətən tibbi müayinə edilib.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, fevralın 19-da Bəydəmirlini istintaq təcridxanasının tibb məntəqəsinə çağırıblar:

"Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, təzyiqini ölçüblər, qan analizi verməyi məsləhət görüblər, Nazim razı olmayıb. Öz inandığı həkimlərin təcridxanaya gəlməsini istəyib. Bundan ötrü rəsmi müraciət edəcəyik".

O, eyni zamanda həyat yoldaşının özünü pis hiss etdiyini deyib:

"Nazim dedi ki, özünü çox pis hiss edir. Hər il noyabrda fizioterapevtik müalicə alırdı, çünki bronxlarında problem var. Lakin bu il həbslə əlaqədar müalicə ala bilmədi", - Fəridə Bəydəmirli qeyd edib.

2023-cü il iyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində həbs-qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb. “Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir. O, yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Bəydəmirlinin azad edilməsinə çağırıb.

2023-cü il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa daha bir neçə şəxs, o cümlədən Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli başqa ittihamlarla həbs edilib.

Forum

XS
SM
MD
LG