Accessibility links

Abzas Media-nın əməkdaşlarının telefon danışıqlarına və görüşlərinə qadağa aradan qaldırılıb


İstintaq orqanı Abzas Media onlayn nəşrinin həbs edilmiş əməkdaşlarının yaxınları ilə görüş və telefon danışıqlarına qoyulmuş qadağanı ləğv edib. Bu barədə nəşrin əməkdaşlarının vəkilləri Ayşə Abdel Qadir və Şəhla Hümbətova məlumat yayıb.

Vəkillər dəfələrlə həbsdə olan jurnalistlərin ailə üzvləri və vəkilləri ilə telefon danışığına qadağanın aradan qaldırılması üçün məhkəmələrə müraciət edib. Lakin məhkəmələr bu müraciətləri təmin etməyib.

Ötən il noyabrın 20-də Abzas Media-nın direktoru Ülvi Həsənli saxlanılıb. Elə həmin gün onun evində və Abzas Media-nın ofisində axtarış aparılıb, polis 40 min avro "tapıb".

Eyni gündə Abzas Media-nın direktor müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

Bu ilin yanvarında jurnalist Elnarə Qasımova həbs edilib.

Jurnalistlərin hamısına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiiham irəli sürülüb və onları 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Jurnalistlər ittihamı qəbul etmir və həbslərini jurnalidt fəaliyyətlərinin məhdudlaşırılması kimi qiymətləndirirlər.

Abzas Media yükək vəzifəli məmurların və onların ailə üzvlərinin korrupsiya əməlləri ilə bağlı araşdırma yazıları ilə tanınır.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa çağırıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG