Fevralın 2-də “Abzas Media”nın əməkdaşı, jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib. Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov məlumat verib.
“Elnarə yenə məhkəmədə bildirdi ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır. Dünən Bakı İstintaq Təcridxanasında Elnarə ilə görüşüb çıxarkən onun vəkili Ayşə Abdel Qadirin qanunsuz olaraq əşyalarını yoxlayıblar. Elnarənin sovqat üçün mənə yazdığı siyahını vəkilin əlindən almağa çalışıblar. Vəkil isə bunun sovqat üçün siyahı olduğunu bildirib. Ayşə xanım bununla bağlı hüquqi addımları atacaq”, o bildirib.
Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.
Yanvarın 15-də Xətai Rayon Məhkəməsi “Abzas Media” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Forum