Accessibility links

Sərhədsiz Reportyorlar ATƏT-i Azərbaycanda mediaya qarşı hücumları pisləməyə çağırır


Elnarə Qasımova, “Abzas Media”nın həbs edilən jurnalisti
Elnarə Qasımova, “Abzas Media”nın həbs edilən jurnalisti

Sərhədsiz Reportyorlar təşkilatı (RSF) Azərbaycanda 20 noyabrdan başlayan jurnalist həbslərini pisləyib, Azərbaycanda 7 fevral prezident seçkilərini müşahidə edən ATƏT-i də mediaya qarşı hücumları pisləməyə çağırıb.

Sərhədsiz Reportyorlar qeyd edib ki, “bütün müxalifləri susduran” prezident İlham Əliyevin fevralın 7-də yenidən prezident seçiləcəyinə çox da şübhə yoxdur.

“Bu növbədənkənar prezident seçkiləri Dağlıq Qarabağda hərbi qələbədən sonra “yeni eranın” başlanğıcını qeyd etməli idi, lakin Əliyevlər sülaləsi daxilində gərginliyi üzə çıxardı. Müharibənin səfərbəredici gücünün itirilməsindən narahat olan prezident Əliyev Azərbaycanda hələ də fəaliyyət göstərən və yazıları ilə onun legitimliyini şübhə altına ala biləcək bir neçə müstəqil medianı susdurmağa çalışır”, RSF-in Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye qeyd edib.

Kavelye ATƏT-ə üzv dövlətləri Azərbaycan hökumətinin iqtisadi təzyiqlərinə və manipulyasiyalarına müqavimət göstərməyə və Azərbaycanda etibarlı jurnalistikaya çıxışı aradan qaldırmaq cəhdlərini qətiyyətlə pisləməyə çağırıb.

Azərbaycanda hüquq və azadlıqlara, o cümlədən söz və mətbuat azadlığına dair “dərin narahatlıqlar”ın olduğunu qeyd edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətini bir il müddətinə Assambleyadan uzaqlaşdırmağa qərar verib.

Azərbaycan prezidenti İlham Əliyev isə Azərbaycanın nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağını deyib.

“Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir”, Əliyev qeyd edib.

AŞPA-nın “Media azadlığının və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi: Üzv Dövlətlərin öhdəliyi” başlıqlı digər bir qətnaməsində də Azərbaycanda “jurnalistlərə qarşı təzyiqlərin yüksək səviyyəsi” ilə bağlı narahatlıq ifadə edilib.

Ötən ilin noyabr ayından bəri “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

“Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı da bu iş üzrə həbs edilib.

“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

“Abzas Media” jurnalistləri ilə yanaşı son bir neçə ay ərzində “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov, “Kanal 13”-ün əməkdaşı Şamo Eminov, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və “azerinfo.az”xəbər saytının rəhbəri İbrahim Hümbətov Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham edilərək həbs ediliblər.

Bugünədək bir sıra yerli və beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG