Accessibility links

Avropa İttifaqının Bakıdakı nümayəndəsi həbs edilmiş jurnalistlərlə rəftara etirazını bildirdi


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko yanvarın 16-da X platformasında bildirib ki, hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var. Bunun ardınca Azərbaycan Xarici İşlər Nazirliyi ölkədə jurnalistlərin həbsi, qeyri-insani rəftarla bağlı tənqidləri qəbul etmədiyini bildirib.

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də məhkəmə zalında əlləri qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclarından məhrum olunmış gənc qadınlara qarşı ləyaqəti alçaldan rəftar barədə xəbərlər məni dəhşətə gətirdi. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var,” Peter Mixalko X platformasında yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun bəyanatına cavabında deyib ki, Azərbaycanın məhkəmə sistemi "ən yaxşı beynəlxalq təcrübələr" əsasında qurulub.

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin. Ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulmuş Azərbaycan məhkəmə sisteminə müdaxilə qəbuledilməzdir”, Hacızadə X platformasında qeyd edib.

Vəkillər jurnalist Elnarə Qasımovanın saxlanıldığı Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindəki kamerasında video müşahidə olması və onun məhkəməyə gətirilən zaman əllərinin qandallanması barədə ombudsmana şikayət etdiyini bildirib.

“Elnarə xanım yanvarın 15-də məhkəməyə əlləri arxadan qandallanaraq gətirilmişdi. Bununla bağlı da ombudsmana şikayətimizi bildirmişik. Çünki yalnız tabe olmamaq halında qandal vurula bilər. Belə bir hal müşahidə edilməmişdi. Bu səbəb olmadan, o əsassız olaraq məhkəməyə əli qandallı gətirilmişdi. Düzdür, məhkəmə başlayan kimi hakim qandalları açdırdı və polis əməkdaşlarına tapşırdı ki, bundan sonra tutulan şəxslərlə bağlı son zərurət olmasa onların qollarına qandal vurulmasın”, vəkil Ayşə Abdel Qadir Amerikanın Səsinə deyib.

Belə ki, jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalistlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Bununla yanaşı, Azərbaycan beynəlxalq media azadlığı indeksində 180 ölkə arasında 151-ci sırada yer alır. Yerli hüquq müdafiəçiləri ölkədə 250-dən çox siyasi məhbusun olduğunu iddia edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG