Accessibility links

İctimai fəal 4 il müddətinə azadlıqdan məhrum edilib


Ruslan Vahabov (Mənbə: Sosial şəbəkə)
Ruslan Vahabov (Mənbə: Sosial şəbəkə)

Sosial media hesabında "Xankəndidə “Bravo” tezliklə tikiləcək, ya yox?" yazandan bir gün sonra həbs edildiyi bildirilən ictimai fəal Ruslan Vahabov 4 il müddətinə azadlıqdan məhrum edilib. Yaxınlarının sözlərinə görə, onun cibinə 6 qramdan çox narkotik qoyulub.

Vahabov bildirir ki, narkotik ittihamı saxtadır, onu şərləyiblər:

"Öz işimlə məşğul olan adam olmuşam, fəhləliklə ailəmi dolandırmışam. Mühafizəçi işləyirdim. 12 saat işdə olurdum. Qalan vaxtlarda da fəhləlik eləyirdim. İki azyaşlı övladım var. Mən narkotikin üzünü ilk dəfə polis bölməsində qabağıma qoyanda gördüm".

Ruslan Vahabov polislərin onu elə fəhləlikdən qayıdanda tutduğunu deyir. O, saxlandıqdan sonra Nizami rayonu, 23-cü polis bölməsinə gətirilib və orada işgəncələrə məruz qalıb:

"23-cü bölmədə saçımdan tutub yerdə sürüyürdülər..."

Vahabov məhkəmədə deyib ki, onun siyasi iddiası yoxdur:

"Sosial şəbəkədə iki kəlmə söz yazmışam. Ona görə adamı həbs eləməzlər. Mən azərbaycanlıyam..."

Vahabov Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) üzvudür. Təşkilat onun haqqında çıxarılmış hökmün əsassız və qanunsuz olması haqda bəyanat yayıb.

Müttəhimin vəkili Aqşin Kərimovun qeyd edib ki, Vahabov ilk olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub (5 ildən 12 ilədək azadlıqdan məhrumetmə).

Lakin istintaq zamanı ittiham 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan daha yüngül maddəyə tövsif edilib (234.1.1 - satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi, saxlanılması).

Vahabov bu ilin sentyabrında saxlanılıb. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyi bu bəəayanata hələ münasibət bildirməyib. Nazirliyin mətbuat xidməti bir qayda olaraq belə bəyanatları qəbul etmir və həbs edilən şəxsin müdafiəsi üçün edildiyini bildirir.

Azərbaycan Talışlarının İctimai Şurası 2019-cu il dekabrın 7-də təsis edilib.

Təşkilat fəaliyyətinin Azərbaycanın dünyada müsbət tolerantlıq imicinin və dövlətçilik ənənələrinin güclənməsinə, Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun sürətlənməsinə xidmət edəcəyini bildirib.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG