Accessibility links

Vəkil: Jurnalist kamerada video müşahidə altında saxlanılır


Ayşə Abdel Qadir (Fotonu özü təqdim edib)
Ayşə Abdel Qadir (Fotonu özü təqdim edib)

Vəkillər jurnalist Elnarə Qasımovanın saxlanıldığı Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindəki kamerasında video müşahidə olması və onun məhkəməyə gətirilən zaman əllərinin qandallanması barədə ombudsmana şikayət etdiyini bildirib. Ombudsman Aparatı isə belə bir şikayətin daxil olmadığını bildirib.

“Müvəqqəti saxlama yerində jurnalist Elnarə Qasımovaya bildirmişdilər ki, qadınların saxlanıldığı kameralar video müşahidə altında deyil. Amma sonra təsadüfən monitora baxanda görüb ki, elə deyil, qadınların saxlanıldığı kameralar da video müşahidə altındadır. Bu səbəbdən jurnalist məhkəməyə gedərkən paltarlarını tualetdə dəyişmək məcburiyyətində qalıb”, vəkil Ayşə Abdel Qadir Amerikanın Səsinə deyib.

Vəkil bununla bağlı Ombudsmana şikayət etdiyini bildirib.

O həmçinin hesab edir ki, jurnalist məhkəməyə əsassız olaraq əlləri qandallı halda gətirilib.

“Elnarə xanım yanvarın 15-də məhkəməyə əlləri arxadan qandallanaraq gətirilmişdi. Bununla bağlı da ombudsmana şikayətimizi bildirmişik. Çünki yalnız tabe olmamaq halında qandal vurula bilər. Belə bir hal müşahidə edilməmişdi. Bu səbəb olmadan, o əsassız olaraq məhkəməyə əli qandallı gətirilmişdi. Düzdür, məhkəmə başlayan kimi hakim qandalları açdırdı və polis əməkdaşlarına tapşırdı ki, bundan sonra tutulan şəxslərlə bağlı son zərurət olmasa onların qollarına qandal vurulmasın”, vəkil qeyd edib.

Abdel Qadirin sözlərinə görə, Elnarə Qasımova bu gün, yanvarın 16-da müvəqqəti saxlama yerindən istintaq təcridxanasına köçürüləcək.

O bildirib ki, jurnalistin səhhəti normaldır, o,i ttihamı qəbul etmir və özünü təqsirsiz bilir.

Ayşə Abdel Qadir: Jurnalist kamerada video müşahidə altında saxlanılır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Vəkil Xətai rayon Məhkəməsinin jurnalist barədə seçdiyi həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Bununla yanaşı, Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, dünən quruma Elnarə Qasımovanın hüquqlarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Həmçinin Amerikanın Səsinin vəkilin iddiası ilə bağlı sorğusuna Daxili İşlər Nazirliyinin mətbuat xidməti münasibət bildirməyib.

Yanvarın 15-də Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs-qətimkan tədbiri seçib.

Jurnalist yanvarın 13-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə Abzas Media internet nəşri ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Belə ki, jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalistlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG