Accessibility links

Müsəlman Birliyi Hərəkatının fəalının saxlanıldığı bildirilir


Yanvarın 11-də Salyan rayonunda (Bakıdan 138 kilometr cənub) Müsəlman Birliyi Hərəkatının fəalı Mirsultan Bağırov polis tərəfindən saxlanılıb.

Bu barədə Amerikanın Səsinə Müsəlman Birliyi Hərəkatından bildiriblər.

“Mirsultan Bağırov Bakı şəhərində işləyirdi. O, yanvarın 11-də ailəsinə baş çəkmək üçün Salyana gedib və polis evinə gələrək onu saxlayıb. Güman edirik ki, ona dindarlara qarşı irəli sürülən ənənəvi ittiham, narkotik ittihamı irəli sürüləcək”, Müsəlman Birliyi Hərəkatından Amerikanın Səsinə bildiriblər.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin dini fəalın həbsi ilə bağlı sorğusuna hələ cavab verməyib.

Yerli media yazır ki, Bağırov “Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində həbs edilib”.

Xatırladaq ki, son aylar yüzdən çox dindar hesab edilən şəxs cacus iddiası ilə həbs edilsə də, onların əksəriyyətinə narkotik ittihamı verilib.

Yerli hüquq müdafiəçilərinin Azərbaycanda siyasi məhbuslarla bağlı siyahıda 183 dini fəalın adı yer alıb. Siyası məhbus hesab edilən dini fəalların 58 nəfəri Müsəlman Birliyi Hərəkatının üzvləridir.

“Həbsdə olan hərəkat üzvlərinin 48 nəfəri 2021-ci ilin dekabrından indiyədək həbs edilənlərdir. Onlar casus iddiası ilə həbs olunsa da, hamısına narkotik ittihamı verilib”, Müsəlman Birliyi Hərəkatından Amerikanın Səsinə deyiblər.

Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin yanvarın 4-də yaydığı bəyanatda Azərbaycanın din azadlığının pozulmasına görə “Xüsusi nəzarət siyahısı”na əlavə edildiyi qeyd edilib.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) ötən il dekabrın 5-də yaydığı hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, hökumətin bu sahədəki qanunvericiliyə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dəyişiklər etməkdə maraq göstərmədiyini vurğulayıb.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatını və ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi barədə bəyanatını "qəti surətdə pisləyib".

“Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyildir”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bəyanatında deyilir.

Forum

XS
SM
MD
LG