Accessibility links

Müsəlman Birliyi Hərəkatının üzvünün məhkəməsi keçirilir


Bakı Ağır Cinayətlər Məhkəməsi (Mənbə: VOA)
Bakı Ağır Cinayətlər Məhkəməsi (Mənbə: VOA)

Aprelin 19-u Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mirtofiq Hüseynovun həbsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsə qarşı külli miqdarda narkotik vasitə satma ittihamı irəli sürüb.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Hüseynov ona verilən maddələr üzrə özünü təqsirli bilmir.

Mirtofiq Hüseynovun atası Mircəlal Hüseynov deyir ki, oğlu həbs olunduqdan sonra ona zəng gəlib.

“Tanımadığım nömrədən mənə zəng gəldi. Həmin adam suallar verməyə başladı ki, oğlun namaz qılandı, şiədir? Dedim ki, hə. Əgər mənim oğlum narkotiklə tutulubsa, mənə zəng edib bu suallar niyə verilirdi? Oğlumla şərt kəsiblər ki, sənə narkotik istifadəçisi maddəsi veriləcək, gedib yatıb çıxarsan. Sonra külli miqdarda narkotik satışı maddəsini veriblər. Oğlumla telefonla danışanda bildim ki, onu təhdid ediblər”.

Məhkəməyə dəstək üçün digər həbs olunan inanclı şəxslərin yaxınları gəlib. Onlar bildirir ki, külli miqdarda narkotik satma maddəsi ilə həbs olunan yaxınları mediada “İran casusu” kimi təqdim olunub.

Ailələr isə hər iki ittihamın şərləmə olduğunu deyir və sübut tələb edirlər.

“Mənim qardaşım kirayədə qalır. Həbs olunanda üzərində 20 qəpik və 3 ədəd siqaret olub. Bəs necə olur ki, külli miqdarda narkotik satmada ittiham olunur? Bu üzrə ittiham olunan şəxslərin evlərinə gedib baxsınlar, görsünlər casus və ya narkotik satışı ilə məşğul olan kirayədə qalar?” həbs olunan digər inanclı şəxs Murad Abdullayevin bacısı Arzu Abdullayeva bildirib.

Növbəti məhkəmə prosesi aprelin 27-nə təxirə salınıb.

Xatırladaq ki, son aylar Azərbaycanla İran arasında gərginlik yaşandığı dövrdə onlarla inanclı şəxs həbs edilib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi İctimai Birliyinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, son zamanlar həbs edilən dindarlar narkotik ittihamı ilə saxlanılır.

"Mətbuata əvvəlcədən açıqlama verirlər ki, narkotiklə həbs olunublar, amma İran casuslarıdır. Yəni heç bir istintaq olmadan, məhkəmə olmadan rəsmi orqanlar bunları əsassız olaraq bu qədər ciddi maddələrlə ittiham edirlər", hüquq müdafiəçisi qeyd edib.

Onun fikrincə, siyasi məhbus kimi tanınan 89 nəfər dindar məhkəməsiz, səbəbsiz, əsassız həbs olunanlardır.

XS
SM
MD
LG