Accessibility links

Sevinc Vaqifqızının apellyasiya şikayəti təmin edilməyib


Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Sevinc Vaqifqızının vəkili ilə telefon danışığına məhdudiyyət qoyulması barədə apellyasiya şikayətinə vəkillərdən xəbərsiz baxılıb.

Bu barədə Amerikanın Səsinə Aqil Layıc bildirib.

Jurnalistin apellyasiya şikayəti təmin edilməyib
please wait

No media source currently available

0:00 0:01:09 0:00

“Mən təsadüfən gördüm. Düzdür o prosesə məni buraxmadılar ki, orderim yoxdur. Amma mən istintaqa orderimi vermişəm. İş materiallarından görünən o idi ki, bu qadağanı istintaq deyil, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası özbaşınalıq edərək həyata keçirib. Yəni istintaq Sevinc Vaqifqızı ilə bağlı vəkillərlə danışıqda məhdudiyyət qoymayıb. Bununla bağlı hər hansı bir səlahiyyəti də yoxdur. Şikayət təmin olunmadı. Bu proses vəkillərdən xəbərsiz yan otaqda gedirdi”, vəkil qeyd edib.

Vəkil Elçin Sadıqov isə Amerikanın Səsinə açıqlamasında bildirib ki, bu gün keçirilən məhkəmə iclasında müdafiə hüquqları pozulduğu üçün iştirak etməyiblər:

“Ötən məhkəmə iclasında bizim müdafiə hüququmuz təmin olunmayıb. Sevinc Vaqifqızı şüşə qəfəsdə saxlanılır. Mən onunla məsləhətləşə bilmirəm. Bu səbəbdən də biz bugünkü məhkəmə iclasında iştirak etmədik. Hakim heyəti dövlət hesabına vəkil təyin edib. Onun iştirakı ilə məhkəmə iclası davam etdirilib və şikayət təmin edilməyib.”

Bu barədə Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Forum

XS
SM
MD
LG