Accessibility links

Jurnalistlər "Abzas Media"ya dəstək məqsədilə kampaniya başladıb


Foto: Abzas Media
Foto: Abzas Media

Yanvarın 16-da bir qrup müstəqil jurnalist və fəal "Abzas Media"ya dəstək məqsədilə kampaniya başladıb. Aksiya iştirakçılarının sözlərinə görə onlar fəaliyyətlərinin məhdudlaşdırılması üçün həbs olunan həmkarlarına dəstək nümayiş etdiriblər.

Aksiya iştirakçıları üzərinə “Abzas"dayıq yazılan fotolarını paylaşıblar, bəziləri isə həbsə hazır olduğunu ifadə etmək üçün belində çanta ilə foto yerləşdiriblər.

Çanta ən son həbs olunan jurnalist Elnarə Qasımovanın Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmamışdan öncə çantasını hazır toplayıb getdiyini simvolizə edir. Daha sonra jurnalist həbs olunub. Bununla aksiya iştirakçıları həbsdən qorxmadıqlarını ifadə etmək istəyiblər.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi "AbzasMedia" saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "AbzasMedia"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı həbs olunub.

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG