Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsi üzrə danışıqlar keçirəcək


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan (Arxiv foto. Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan (Arxiv foto. Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 26-da jurnalistlərin sualının cavabında bildirib.

“Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, nazir Bayramov qeyd edib.

Eyni zamanda, Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində görüşəcəkləri barədə məlumat verib.

“Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq”, Ani Badalyan Facebook səhifəsində yazıb.

Fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.

İki ölkənin lideri bu görüşdə xarici işlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verib.

Forum

XS
SM
MD
LG