Accessibility links

ABŞ rəsmiləri Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı mətbuat konfransı keçirib


ABŞ-ın yüksək vəzifəli şəxləri, Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Ceyms O’Brayn və USAID Administratorunun köməkçisi Erin MakKi aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula von der Leyen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri ilə bağlı onlayn mətbuat konfransı keçirib.

“Görüşün məqsədi diqqəti Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, siyasi islahatlar və humanitar problemlərə yardım etmək olub”, Dövlət katibinin köməkçisi Ceyms O'Brayn bildirib.

O, Vaşinqtonun Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü “qəti dəstəklədiyini” bəyan edib.

“Biz həmçinin 2018-ci ilin Məxməri İnqilabından sonra Ermənistandakı demokratik transformasiyalara heyranlığımızı qeyd etdik. Biz Ermənistan xalqının demokratik istəklərini əks etdirəcək qlobal iqtisadiyyat və siyasi sistemin qurulması istiqamətində mühüm islahatların və səylərin şahidi olduq. Və məqsədimiz bu dəstəyi davam etdirməkdir”.

O’Brayn bildirib ki, üçtərfəli formatda görüş Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səyləri kontekstində keçirilib.

“Biz Ermənistanı Azərbaycanla yekun razılaşma əldə etməyə çalışmağa çağırdıq. Bu, Aralıq dənizindən Mərkəzi Asiyaya yeni ticarət yolları açaraq, uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və onun inkişafını təmin etmək üçün ən yaxşı yoldur”, o qeyd edib.

Rusiyanın Ermənistanla Qərbin əlaqələrinə kəskin münasibəti ilə bağlı sualın cavabında O'Brayn Rusiyanın regionda ənənəvi rolunun olduğunu desə də, “amma Ermənistan xalqı demokratiya yolunu seçib və bu qərara hörmətlə yanaşmaq vacibdir. Bölgədə Rusiyanın dezinformasiyaya və mediada manipulyasiyasında işlərini görürük, Brüsseldəki görüşdə də belə oldu. Ona görə də regional iqtisadi inteqrasiyanı təşviq etmək vacibdir və Azərbaycanın da bunu istəməsi vacibdir” deyə əlavə edib.

İlham Əliyevin Brüssel görüşünün Azərbaycanı “təcrid edəcəyi” nə dair son bəyanatı ilə bağlı sualın cavabında O'Brayn bildirib ki, son iki gündə həm Dövlət katibi Blinken, həm də Ursula von der Leyen prezident Əliyevlə danışıb.

“Söhbətlər çox konstruktiv keçdi və prezident bizim nə istədiyimizi anladı. Amma bizim necə hərəkət etməyimizlə bağlı öz fikirləri var. Eyni zamanda, o, hər bir ölkənin Avropa və ABŞ ilə münasibətlərinin ölkənin özünün işi olduğunu etiraf etdi”, O'Brayn bildirib.

Turan agentliynin Brüsseldəki görüş ərəfəsində Vaşinqtonun açıqlamalarının rəsmi Bakını inandırmamasının səbəbinə dair sualını cavablandıran O'Brayn “Mən heç vaxt Azərbaycanı konfransın keçirilməsinə razı salmağı özümə borc hesab etməmişəm. Biz nə edəcəyimizi çox açıq şəkildə bildirdik və dediklərimizi də yerinə yetirdik.

Biz planlarımızı region hökumətləri ilə çox açıq müzakirə edirik ki, sürprizlər olmasın. Amma mən hesab edirəm ki, Azərbaycan nümayəndələrindən soruşmaq lazımdır ki, onlar nə üçün belə edirlər. Bizim mövqeyimiz sadədir, biz Ermənistan xalqının seçimini dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Bütövlükdə region üçün sülh, təhlükəsizlik və rifah istəyirik” deyib.

Diplomat ABŞ-ın Avropa İttifaqında Ermənistanın gələcəyini görüb-görmədiyinə dair sualına cavab olaraq isə deyib ki, Ermənistan xalqı firavanlıq və qlobal bazarlara inteqrasiya yolunu seçir ki, bu da bir sıra islahatlar və dəstək tələb edir. Aİ həmçinin işgüzar əməkdaşlığın və investisiyaların artırılması üçün proqram elan edib.

"Hər şey ölkənin necə irəliləyəcəyindən asılı olacaq", o bildirib.

ABŞ-ın səylərinə gəlincə isə, USAID administratorunun köməkçisi Erin MakKi bildirib ki, ötən payızda Dağlıq Qarabağda baş vermiş hadisələrdən sonra USAID Ermənistana psixososial dəstək və köçkünlərin və qaçqınların mənzil ehtiyaclarını həll etmək üçün təxminən 8,5 milyon dollar ayırmağı planlaşdırır.

“Biz həmçinin enerji təhlükəsizliyinin və Ermənistanın müstəqilliyinin qurulmasına diqqət yetirmişik. 8,6 milyon dollar dəyərində olan yeni proqramımız Ermənistanın bərpa olunan enerji mənbələrinə çıxış və inteqrasiya imkanlarını təkmilləşdirəcək”.

USAID həmçinin erməni fermerlər arasında taxıl istehsalı və saxlama qabiliyyətinin artırılması səylərini dəstəkləməklə Ermənistanın ərzaq təhlükəsizliyinin sabitləşməsinə kömək edəcək. Qarşıdan gələn 6 milyon dollarlıq ərzaq təhlükəsizliyi proqramı əsas bitkilərin kənd təsərrüfatı məhsuldarlığını artıracaq.

ABŞ Ermənistanda lazımi islahatları və hökumətin imkanlarını artırmagda davam edəcək.

“Lakin ən əsası, biz insan ləyaqətini əsas prioritet olmaqla Ermənistan xalqını dəstəkləməyə yönəlmişik. USAID həmçinin vəhşiliklərə və son münaqişələrə dair hər hansı sübutların toplanmasına kömək edəcək ki, məsul şəxslər öz əməllərinə görə cavabdeh olsunlar”, USAID rəsmisi qeyd edib.

Bu arada isə Rusiya Xarici İşlər Nazirliyi Brüssel görüşünü “regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi” adlandırıb.

“Biz 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrlə nəticələnə bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin idarəolunmaz artmasına səbəb olur”, Rusiya Xarici İşlər Nazirliyi görüşlə bağlı bəyanatında qeyd edib.

Nazirlik hesab edir ki, “Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir”.

Ermənistan rəhbərliyini "yanlış yola" yönəlməməyə çağıran rəsmi Moskva iki ölkə arasındakı iri ticarət dövriyyəsinin əhəmiyyətini önə çəkib və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatları xatırladılıb.

Rusiya rəsmiləri hesab etdiklərini bildiriblər ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır.

Aprelin 3-də, Brüssel görüşü ərəfəsində ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, telefon danışı zamanı Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayıb, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini vurğulayıb.

“Katib Blinken və Prezident Əliyev Azərbaycan və Ermənistan arasında bütün regiona iqtisadi fayda gətirəcək sülh prosesinin inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. Dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq”.

Azərbaycanın rəsmi mənbələri bildirir ki, ABŞ dövlət katibi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Açıqlamada qeyd edilir ki, Antoni Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Rəsmi Vaşinqtonun məlumatına əsasən, telefon söhbətində ABŞ Dövlət Katibi həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Forum

XS
SM
MD
LG