Accessibility links

Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə işlərinə başlayır


Rusiya sülhməramlıları Qarabağda
Rusiya sülhməramlıları Qarabağda

Rusiyanın Azərbaycanın Qarabağ regionundakı sülhməramlılarının minatəmizləmə prosesində iştirakı planlaşdırılır.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

“Hazırda həmin minatəmizləyənlərin texniki avadanlıqları, alətləri və itləri akkreditasiya prosesindədir. Aprelin 6-da akkreditasiya yekunlaşacaq. Onlar Xocalıda minatəmizləmə əməliyyatına başlayacaqlar”, o qeyd edib.

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandıqdan sonra bu günədək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 129 831 hektar ərazi minalardan təmizlənib.

“Bu dövr ərzində 65 585 ədəd partlamamış hərbi sursat, 31 919 ədəd piyada əleyhinə mina və 19 070 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci ildən indiyədək isə 350 nəfər mina partlayışının qurbanı olub, onlardan 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb", o qeyd edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci ildə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağda Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib. Rusiya sülhməramlıları 2025-ci ilin noyabrınadək Azərbaycan ərazisində qalacaq.

Forum

XS
SM
MD
LG