Accessibility links

ANAMA sədri: Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir


ANAMA tank əleyhinə minaları zəzərsizləşdirir
ANAMA tank əleyhinə minaları zəzərsizləşdirir

4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.

Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hesabatına görə, dünyanın 164 ölkəsi "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi" haqqında Konvensiyaya üzv olub. 33 dövlət, o cümlədən də Cənubi Qafqaz ölkələri hələ bu konvensiyaya qoşulmayıb.

Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatında deyilir ki, 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır.

“Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub”, nazirliyin bəyanatında qeyd edilir.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov aprelin 4-də mətbuat konfransında bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3 429 nəfər təşkil edir.

“Mina qurbanlarından 595 nəfəri həyatını itirib. 3 429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci il noyabrın 10-dan bu günədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb”, o qeyd edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanovun sözlərinə görə, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır.

O hesab edir ki, əhali maarifləndirmə proqramlarında verilən tövsiyələrə ciddi əməl etməlidir.

“Problemimiz çox böyükdür, illərlə davam edəcək, ona görə də maarifləndirmə proqramlarında verilən tövsiyələrə və tapşırıqlara ciddi əməl etməliyik”, Səfixanov qeyd edib.

Mina qurbanı Hafiz Əzimzadə azad edilmiş ərazidə xidməti vəzifə borcunu yerinə yetirərkən minaya düşüb.

“Mən işğaldan azad edilmiş Ağdamda xidməti vəzifə borcumu yerinə yetirərkən minaya düşdüm. Bir ayağımı itirmişəm. Bunun əzab-əziyyətini bu bəlaya düçar olanlar daha yaxşı bilər, anlayar. Mən dünya ictimaiyyətini Azərbaycandakı mina probleminə diqqət göstərməyə, böyük dövlətlərin, beynəlxalq təşkilatların bu işdə Azərbaycan hökumətinə dəstək verməyə çağırıram!” o qeyd edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin məlunatına görə, aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar.

“Bayram ərəfəsi axşamüstü idi, bizim uşaq əmisi oğlu ilə birlikdə kənddəki evimizə baxmağa getmişdilər. Elə oradaca minaya düşərək hər ikisi həyatını itirdi”, BQXK-İbrahim Həsənova istinadən qeyd edir.

Onun oğlu İsrayıl 15 mart 2023-cü ildə 90-cı illərdən münaqişə səbəbindən tərk etməli olduqları evlərini görməyə gedərkən minaya düşərək həyatını itirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan insanlar arasında mina təhlükələri barədə məlumatlılığın artırılması üçün fəaliyyətlər həyata keçirir.

“BQXK-nın Silahlarla çirklənmiş ərazilərlə bağlı iş proqramının başlanmasından etibarən 36 000-dən çox insana (2023-cü il ərzində 13 000 nəfərə) bu istiqamətdə həyat xilasdedici məlumatlar çatdırmış, eyni zamanda daha təhlükəsiz davranış haqqında mesajlar ötürülmüşdür. Mina təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, BQXK Azərbaycan Minatəmizləmə Agentliyi və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir”, məlumatda qeyd edilir.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

"ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq" səfirlik qeyd edib.

Məlumatda qeyd edilib ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.

Həmçinin Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko X hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.

"Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir. Biz ANAMA-nın fədakar əməyini və icraçı tərəfdaşlarımız olan BMTİP, UNICEF, eləcə də beynəlxalq və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Biz fəxr edirik ki, bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o cümlədən ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib çıxarıb və Azərbaycanın bu sahədə lider mövqeyinə töhfə verib. Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik. ", o vurğulayıb.

Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə mina var.

Forum

XS
SM
MD
LG