Accessibility links

Xəzər Hərbi Tədqiqatlar İnstitutu: 2023-cü ildə Azərbaycan 260 hərbçi itirib


Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) fevralın 21-də açıqladığı hesabatda 2023-cü il ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun ən azı 260 hərbi qulluqçusunu itirdiyi bukdirilir. Onlardan 212 nəfəri döyüş itkiləri, 48 nəfəri qeyri-döyüş itkiləri sayılır.

Məlumatda bildirilir ki, ümumilikdə 208 nəfər rəqib güllə yarasından, 4 nəfər mina partlayışından, 8 nəfər yol-nəqliyyat hadisələrindən və ya müxtəlif avtoqəzalardan, 9 nəfər müxtəlif xəstəliklərdən, 2 nəfər qeyri-nizamnamə hadisələrindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan, 6 nəfər isə bədbəxt hadisədən həyatını itirib.

Məlumata görə, ötən il 20 hərbçi intihar edib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirib ki, ölənlərin 228 nəfəri Müdafiə Nazirliyinin, 9 nəfəri Dövlət Sərhəd Xidmətinin, 3 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 17 nəfəri Daxili Qoşunların, 1 nəfəri Strateji Obyektlərin Mühafizə İdarəsinin (SOM), 1 nəfəri Ədliyyə Nazirliyinin, 1 nəfəri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) hərbiləşdirilmiş mühafizə idarəsinin əməkdaşları olub.

"Onlardan 134 nəfəri əsgər, 50 nəfəri zabit, 44 nəfəri müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXHQ), 26 nəfəri gizir, 3 nəfəri isə kursant rütbəsindəydir. Digər 3 nəfərin rütbəsini müəyyənləşdirmək mümkün olmayıb".

Qeyd olunub ki, ölüm hadisələrinin əksəriyyəti (ən azı 200 nəfər) lokal hərbi əməliyyatlar zamanı baş verib.

"Ümumilikdə, araşdırmalar göstərir ki, hadisələrin əksəriyyəti Qarabağ zonasında baş verib. Eyni zamanda, bir sıra ölüm hadisələri Azərbaycan və Ermənistanın hələ delimitasiya edilməmiş şərti dövlət sərhədində (Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasının sərhəd ərazilərində) baş verib".

Ötən il yaralananlara gəlincə, azı 536 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb.

Azərbaycanın hərbi strukturları Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına hələ şərh verməyib.

Ehtiyatda olan polkovnik, hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, dünyadakı bütün ordularda olduğu kimi Azərbaycanda da qeyri-döyüş itkiləri var.

"Bəzi hallarda Azərbaycanda bu hallar komandirlərin məsuliyyətsizliyi, onların əsgərlərin problemlərinə yaxından yanaşmamasından baş verir. Orduda qeyri-döyüş itkilərini azaltmaq üçün çox iş görülməlidir. Bir sıra hərbi hissələrdə psixoloq ştatları olsa da? ixtisaslı kadrların təyinatı olmur. Qeyri-döyüş itkiləri də bəzi hallarda bundan qaynaqlanır. Eyni zamanda orduda hələ də keçmiş SSRİ Ordusundan qalma əcaib metodlar var. O metodlar aradan qaldırılmalı, daha modern üsullar tətbiq edilməlidir," o qeyd edib.

Təhlilçi hesab edir ki, 2025-ci ilədək Orduda ciddi islahatlar olacaq və Türkiyə modelinə keçid başa çatacaq.

Cəfərovun fikirncə, ölkədə hərbi ombudsman institutu təsis edilməlidir.

"Bu qurum silahlı qüvvələrdəki yüz minlərlə insanın hüquqlarını qorumalıdır. Hazırdsa bu işlə mülki ombudsman məşğul olur. Amma, mülki ombudsman institutundakı şöbə bu işlərə nəzarət etmək gücündə deyil".

Təhlilçi misal kimi çoxsaylı hərbçilərə işgəncə verilməsi, qeyri-insani rəftarla yadda qalan "Tərtər işi"nə istinad edib.

"Qanunvericilik hərbçilərin hüquqlarını tam müdafiə etsə idi bəzi məmurlar, generallar, komandirlər belə özbaşınalığa yol verməzdilər", o qeyd edib.

Xatırladaq ki, "Tərtər hadisələri” 2017-ci ildə Azərbaycanda bir qrup hərbi qulluqçuya və mülki vətəndaşa verilən işgəncə hadisəsi kimi xarakerizə olunur.

Belə ki, 2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliynin birgə bəyanatında hərbçilər arasında bir qrup satqının ifşa edildiyi haqqında məlumat yayıb. Kütləvi həbslər olub. Amma 2017-ci ilin may-iyun aylarında saxlanılanlara işgəncə verildiyini ictimaiyyət 2019-cu ildə öyrənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən az 9 nəfər işgəncələr nəticəsində ölüb. Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət hüquqi araşdırmanı yenidən bərpa edib.

2022-ci ilin dekabrında "Tərtər işi" üzrə 19 müttəhim həbsdən azad edilib. Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.

Üzeyir Cəfərov qeyri-döyüş itkilərinin sayının azaldılması üçün orduya vətəndaş nəzarətini vacib sayır.

"Hazırda orduya ictrimai nəzarət yox dərəcəsindədir. Bəzi qurumlarda ictimai şuralar yaradılsa da bu, hərbi sistemə tətbiq olunmur. Hesab edirəm ki, orduya mütləq vətəndaş nəzarəti olmalıdır. Vətəndaş nəzarəti komandirlərin məsuliyyətini artırır. Belə ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin hərbi hissələrə gəlib problemləri öyrənməsi, əsgərlərlə görüşlər keçirməsi vacibdir", o qeyd edib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından fəaliyyət göstərir. İnstitut təhlükəsizlik və müdafiə sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı araşdırmalar aparır.

İnstitut həmçinin Cənubi Qafqaz ölkələrinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG