Accessibility links

Xəzər Hərbi Tədqiqatlar İnstitutu: 2022-ci ildə Azərbaycan 145 hərbi qulluqçusunu itirib – ekspert rəyi


“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Mənbə Xəzər Hərbi Tədqiqatlar İnstitutu)
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Mənbə Xəzər Hərbi Tədqiqatlar İnstitutu)

2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Onlardan 87 nəfəri döyüş itkiləridir, 58 nəfəri isə qeyri-döyüş itkiləridir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesabatında deyilir. Hesabatda 2021-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 84 hərbi qulluqçunun dünyasını dəyişdiyi, onlardan 18 nəfərin döyüş, 66 nəfərinin isə qeyri-döyüş itkisi olduğu bildirilir.

İnstitutun məlumatına görə, ümumilikdə 2022-ci ildə 85 nəfər erməni tərəfinin gülləsindən, 2 nəfər mina partlayışından, 11 nəfər avtoqəzadan, 9 nəfər müxtəlif xəstəliklərdən, 6 nəfər qeyri-nizamnamə hadisələrindən, 6 nəfər naməlum səbəblərdən, 4 nəfər bədbəxt hadisədən dünyasını dəyişib. 2022-ci ildə ümumilikdə 22 hərbi qulluqçu intihar edib.

“Ötən ildə dünyasını dəyişənlərin 105 nəfəri Müdafiə Nazirliyinin, 32 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfəri Daxili Qoşunların, 1 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 4 nəfər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, 2 nəfəri isə Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları olub. Dünyasını dəyişənlərin 89 nəfəri əsgər, 30 nəfəri müddətdən artıq xidmət edən hərbi qulluqçular (MAXHQ), 2 nəfəri gizir, 24 nəfəri zabit rütbəsində olub.

2022-ci ildə ümumilikdə ən azı 304 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni tərəfinin gülləsindən və mina partlayışından xəsarət alıb,” Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir.

İnstitutun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır.

“Xüsusilə də 2022-ci ildə baş verən itkilər diqqət çəkir. İntiharlar, texniki qəzaların nəticəsində onlarla hərbi qulluqçunun dünyasını dəyişməsi güc strukturularını təxirəsalmaz tədbirlər görməyə vadar etməlidir,” Xəzər Hərbi Tədqiqatlar İnstitutunun hesabatında deyilir.

Institut bildirir ki, 2003-cü ildən indiyədək Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ümumilikdə azı 4.419 hərbi qulluqçusunu itirib, onlardan təxminən 3573 nəfəri döyüş, 846 nəfərsə qeyri-döyüş itkiləridir.

“2003-2022-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən artıqdır”, məlumatda qeyd edilir.

Öz növbəsində, Azərbaycan müdafiə və təhlükəsizlik orqanları Xəzər Hərbi Tədqiqatlar İnstitutunun bu məlumatına hələ münasibət bildirməyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir. Think-Tank tipli qurumun araşdırma hədəfində olan əsas məsələlər Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir. İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda Gürcüstan və Ermənistanı araşdırır, bu üç Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə edir.

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Amerikanın Səsinə deyib ki, qeyri-döyüş itkiləri silahla düzgün rəftar etməmək, təhlükəsizlik qaydalarının pozulması, əsgərlər arasında mənəvi-psixoloji durumun yüksək olmaması və digər səbələrdən baş verir.

Üzeyir Cəfərov: Silahl Qüvvələrin hərbi ombudsman institutu yaradılmalıdır
please wait

No media source currently available

0:00 0:04:42 0:00

“Qeyri-döyüş itkilərinin kökündən həll edilməsi üçün çox işlər görülməlidir. Mənim fikrimcə, şəxsi heyətlə işləyən zabitlərə daha böyük səlahiyyətlər verilməlidir. Hərbi hissələrdə psixoloq vəzifəsi olsa da bəziləri bu vəzifənin ciddiliyinə o qədər də önəm vermir. Amma psixoloq müharibə keçmiş və ya müharibəyə hazırlaşan ölkənin ordusu üçün önəmli bir vəzifədir. Əslində, sovet dövründə hərbi hissələrdə tərbiyəvi və ya şəxsi heyət üzrə komandir müavinləri var idi. İndi biz NATO standartlarına keçirik deyə bəzi ixtisarlar və ya yeniliklər aparılır. Hətta 90-cı illərdə orduda dini işlərlə məşğul olan xüsusi şöbə var idi. Mən demirəm orduda xidmət edənlərin hamısı dindardır. Amma milli mənsubiyyətindən asılı olmayaraq bir nəfər belə inanclı insan varsa, onun hüquqları müdafiə edilməlidir”, ekspert qeyd edib.

Cəfərov xatırladıb ki, Azərbaycan Müdafiə Nazirliyi və Hərbi Prokurorluq terrorçuluqla mübarizə ilə bağlı birgə sənəd imzalayıb.

“Başa düşmürəm, Azərbaycan Ordusunda bəyəm terroçuluq var?” o sual edib.

Ekspert hesab edir ki, nizam-intizamın gücləndirılməsi lazımdır.

“Hələ 90-cı illərdə bir sıra hərbi məhkəmələr hərbi hissələrdə hərbi qulluqçuların gözü qarşısında səyyar iclaslar keçirirdi. Hərbi heyət baxıb öz məsuliyyəti üçün lazım olanları götürürdü. Hərbçilər görürdü ki, onun hərbçi yoldaşı etdiyi cinayətə görə uzun müddətə həbsə məhkum edilir. Bunun bir tərbiyəvi əhəmiyyəti var idi”, o qeyd edib.

Ekspert bildirib ki, 2025-ci ilə kimi Azərbaycan Ordusu Türkiyə modelinə keçiriləcək.

“Biz hərbi hissələrdə ictimai nəzarət mexanizmini işlək vəziyyətə gətirməliyik,” o qeyd edib.

Üzeyir Cəfərov həmçinin ölkədə silahlı qüvvələrin hərbi ombudsman institunun yaradılmasını da vacib sayır.

“Bu gün Azərbaycanda mülki insanlarla yanaşı, xeyli sayda dövlət qurumlarının əməkdaşları silah daşıyır. Hesab edirəm ki, hərbi ombudsmanın yaradılması qeyri-döyüş itkilərinin faizinin xeyli azalmasına səbəb ola bilər,” o qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG